Xəbər - Elçin Mehdiyev – Trend:
“Ali təhsil haqqında” qanun ilkin variantının hazırlanmasına başlanılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev “Ali təhsil haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşündə deyib.
B.Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır: “Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır.
Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək”.
Komitə sədri bildirib ki, qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək: “Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq”.
Qeyd edək ki, videokonfransda Milli Məclisin spikeri Sahibə Qafarova, Təhsil Naziri Emin Əmrullayev də iştiak edib.