“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz
Neft Donanmasına məxsus “Alı Mustafayev” maye daşıyan gəmisi əsaslı
təmir olunub.
QSC-dən AzerTimes-a daxil olan məlumata görə,“Bibiheybət” Gəmi
Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa
çatdırılıb.
Proses zamanı gəminin baş və köməkçi mühərrikləri, braşpil
qurğusu, kompressorları, yağ və su soyuducuları, hava balonlarının
armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar və boru
sistemləri təmir olunub.
Eyni zamanda, gəminin generatorları və mexanizmlərinin elektrik
idarəetmə və qorunma sistemləri təmir edilib. Əsas və qəza
işıqlandırma sistemlərində zəruri yoxlama və təmir işləri həyata
keçirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip
OD/QD (orta/qısa dalğalı) radiostansiya, qəza radio mayakı,
qəza-xilasetmə radiostansiyaları, GPS avadanlığı, sürət ölçən qurğu
quraşdırılıb. Həmçinin, gəminin Komanda Yayım Qurğusunda (KYQ)
təmir işləri aparılıb.
Maşın-qazan şöbəsi, köməkçi sükan qurğusu şöbəsində döşəməaltı
sahələr təmizlənib-yuyulub, mexanizmlər rənglənib. Ümumilikdə 3200
tonluq su tutumuna malik çənlərdə təmizləmə və rəngləmə işləri
aparılıb. Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq
üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarda
lazımi təmir işləri aparılıb.
Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi,
dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Bundan
əlavə, tankerin sualtı, suüstü hissələrində, ballast çənlərində və
baş göyərtədə zədələnmiş metal lövhələr və qoruyucu metal kəmərlər
dəyişdirilib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri
uğurla başa çatdırılıb. “Alı Mustafayev” tankeri yenidən
dənizçilərin ixtiyarına verilib.
Qeyd edək ki, “Alı Mustafayev” gəmisi dənizdə fəaliyyət göstərən
neft platformalarına su daşınmasında istismar olunur.