Ali məktəblərə qəbul o qədər asanlaşacaq ki… – Ekspert

Ali məktəblərə qəbul o qədər asanlaşacaq ki… – Ekspert

Bu gün repetitor səbəb yox, nəticədir. Çünki təhsilin bir pilləsindən digərinə keçid üçün mövcud qaydalar, imtahanlar çətindir. Tədris prosesində olmayan fənlərdən suallar salınır. Buna görə də insanlar məcbur olub repetitora müraciət edirlər. Məsələn, hazırda rus bölməsində birinci sinfə qəbul olmaq üçün müsabiqə aparılır. Həmin imtahandan keçsinlər deyə valideynlər 5-6 yaşındakı uşaqları erkən yaşdan repetitor yanına qoyurlar.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Əsədov bildirib ki, bu məsələ 11-ci sinifdən ali təhsil müəssisəsinə qəbul olmaq istəyən şagirdlərə də aiddir:

“Onlara 11-ci sinifdə oxuduğu halda aşağı siniflərdə əldə etdiyi biliklər soruşulur. Əlbəttə, bu uşaq aşağı sinifdə öyrəndiyi mövzuları yaddan çıxaracaq. Hətta hər birimiz bir ay öncə oxuduğumuz bir çox məlumatı unuduruq. Buna görə də artıq valideyn məcburiyyətdən övladını repetitor yanına göndərir. Magistratura pilləsinə qəbul olmaq istəyənlər üçün də vəziyyət eynidir. Belə ki, onlar məntiq, informatika və xarici dildən imtahan verirlər. Halbuki bunların heç biri bakalavrlara dörd il ərzində suallara salınan səviyyədə keçirilmir. Bu, həmçinin, dövlət qulluğu və digər imtahanlara da aiddir. Ümumilikdə repetitorluq orta məktəblərdə dərslərin aşağı səviyyədə keçirilməsinə görə yox, müsabiqə şərtlərinin daha da çətinləşdiyi üçün var. Əslində bir neçə ildən sonra repetitorluq fəaliyyəti sona çatacaq. Lakin bu orta məktəblərdə dərs keyfiyyətinin yüksələcəyi üçün yox, ali təhsil məktəblərinə qəbul plan yerlərinin ciddi şəkildə artırılacağına görə olacaq. Məsələn, 2010-cu il ali məktəblərə qəbul üçün plan yerləri 29 min olduğu halda 2023-cü il bu rəqəm 56 minə çatıb. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Azərbaycan Texniki Universitetinə və Memarlıq və İnşaat Universitetinə birinci ixtisas qrupunda 200 balla pulsuz qəbul mümkün olub. Bu, 2024-cü ildə də belə olacaq. Yaxud, üçüncü ixtisas qrupunda 380 balla Azərbaycan Dillər Universitetinə, Bakı Slavyan Universitetinə qəbul olub. Bu gün biz ali təhsil alırıq ki, əmək bazarında işlə təmin oluna bilək. Yəni ali məktəblərin plan yerlərinin artması ilə valideynlər görəcək ki, minimum balla qəbul mümkündür və uşaqlar özləri oxuyub-öyrənə bilərlər”.

Ekspertin sözlərinə görə, repetitorluq təhsil üçün təhlükə deyil:

“Sadəcə uşaqlar asudə vaxtlarını keçirə bilmirlər. Birinci sinifdən repetitor yanına qoyulurlar. Bunun birinci səbəbi imtahanlar olsa da, ikincisi dərsliklərin ağır və şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmamasıdır. 1-4-cü siniflər üçün hazırlanmış kitablara nəzər yetirin. Valideynlər belə övladlarına ev tapşırıqlarını yerinə yetirməyə kömək edə bilmirlər. Həmçinin, məktəbdəki şagird sıxlığının da bu məsələdə rolu var. Bu da təbiidir ki, müəllim hər bir uşağa individual yanaşa bilmir. Lakin onu da qeyd etmək lazımdır ki, bu gün bütün yüksək qəbul imtahanı nəticələri orta məktəblərin və təhsilin yox, repetitor və hazırlıq kurslarının nəticəsidir”.

Ekspert bildirib ki, Azərbaycanda təhsilin əlçatan olmaması fikri ilə razı deyil:

“Bu fikir əgər 13 il öncə deyilsəydi, onda bununla tamam razılaşardım. Lakin statistik rəqəmlərlə də bunun əksini sübut etmək mümkündür. Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul üçün 29 min plan yerinə 110 min nəfər sənəd vermişdi. Lakin 2023-cü ildə 56 minlik yerə 75 min nəfər sənəd vermiş, onlardan 52 mini dolmuşdu. Kollecə isə bu il 51 balla qəbul mümkün olub. Bu isə 2 il sonra onların imtahansız universitetə qəbul ola biləcəyi anlamına gəlir. Bu gün 51 universitetdə 187 min tələbə təhsil alır. Bu, adi rəqəm deyil. Keyfiyyətin olmaması məsələsinə gəldikdə isə, bu, birmənalı şəkildə mütəxəssis olmamasından qaynaqlanır. Mütəxəssis isə pulla gəlir. Ölkəmizdə nəyə görə ADA-da, Bakı Ali Neft Məktəbində, BDU-da təhsildən razıyıq? Çünki burada digər universitetlərlə müqayisədə əmək haqqını daha yüksək verirlər”.

Teqlər: