Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında 2020-2021-ci tədris ili ilə müqayisədə 15 min 893 nəfər və ya 16,7 faiz artım nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

S.Şərifovun sözlərinə görə, bununla ümumi tələbə sayının 110 min 834 nəfərə çatdırılması hədəflənib:

“Dövlət hesabına təhsil alan tələbələrin sayının cari illə müqayisədə 2569 nəfər artırılması, təqaüd alan tələbələrin sayının isə 12 mindən yuxarı bir rəqəmə çatdırılması nəzərdə tutulub. Həmçinin xüsusi təhsilə cəlb olunan şagirdlərin xərcləri də dövlət tərəfindən qarşılanır. Bunun üçün 2 dəfə artıq vəsait ayrılması nəzərdə tututlur. Gənc mütəxəssislərin kənd yerlərində ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onlara kirayə və kommunal xərclərlə əlaqədar verilən kompensasiyaların məbləği də 50 faiz artırılır”, – deyə nazir qeyd edib.

Maliyyə naziri qeyd edib ki, ölkənin ümumtəhsil məktəblərinin şagirdlərinin pulsuz dərsliklərlə təmin edilməsi və texniki vəsaitlərin alınması üçün 21 milyon manat və ya cari illə müqayisədə 2 milyon manat çox, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün isə 38 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Twitter: @cingizsafarli

Teqlər: