Bu gün Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ)
yaradılmasının növbəti ildönümüdür. XTQ Müdafiə Nazirliyinin
nəzdində 1999-cu ilin aprelin 30-da ulu öndər Heydər Əliyev
tərəfindən yaradılıb.
Trend BİA XTQ-nin yaranma günü münasibətilə Vətən Müharibəsi
iştirakçısı, XTQ mənsubu Vasif Məlikovla görüşüb, qəhrəman
hərbçimizin keçdiyi döyüş yolu ilə yaxından tanış olub.
V.Məlikov uzun illər xidmət keçdiyi Azərbaycan Xüsusi Təyinatlı
Qüvvlərinin peşəkarlığından, yüksək döyüş qabiliyyətindən, Vətən
Müharibəsi zamanı göstərdikləri şücaətlərdən, ən çətin döyüş
tapşırıqlarının öhdəsindən bacarıqla gəldiklərindən danışıb:
“Bizi döyüşdə qələbələrə aparan ən başlıca amil xalqımıza,
dövlətimizə və Ali Baş Komandanımıza olan inam idi. Prezident İlham
Əliyevin hər dəfə xalqa müraciətləri, qələbələrimizi bir-bir elan
etməsi bizdə böyük ruh yüksəkliyi yaradırdı, Ali Baş Komandanın
qətiyyəti bizə güc verirdi. Ona görə də hər gün irəli gedirdik, ən
çətin döyüş tapşırıqlarını uğurla həyata keçirirdik. XTQ-nin sıravi
əsgərindən tutmuş komandirinə qədər hamı bir nəfər kimi irəlidə –
düşmənlə üz-üzə döyüşürdü. Müharibənin birinci günündən
Ermənistanın hərbi kapitulyasiyasına qədər, ondan sonrakı dövrlərdə
də xüsusi təyinatlılar ön sırada döyüşüb, düşmənə qan uddurub. Biz
xalqımızın qisasını erməni quldurlarından artıqlaması ilə almışıq.
Bununla da qürur duyuruq”.
Vasif Məlikov vurğulayıb ki, Azərbaycanın Xüsusi Tətinatlı
Qüvvələri istər 2016-cı ilin aprel döyüşlərində, istərsə də 44
günlük Vətən Müharibəsi zamanı düşmənə unudulmayacaq dərs
verib:
“Xüsusi təyinatlılarımız Ermənistanın işğalçı ordusunun qorxulu
yuxusuna çevrilib. Çünki Azərbaycan xüsusi təyinatlıları güclüdür,
peşəkardır, qəhrəmandır. Bütün bu uğurlarına və qəhrəmanlıqlarına
görə xalqımız xüsusi təyinatlılarla fəxr edir, qürur duyur”.
V.Məlikov həmçinin qeyd edib ki, Azərbaycan XTQ hər gün inkişaf
edir, sıralarını genişləndirir, peşəkarlığını daha da artırır:
“Baxmayaraq ki, döyüşlərdə yaralanıb əlil olmuşam, amma hər an
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrindəyəm.
Əgər işğalçı Ermənsitan nə vaxtsa baş qaldırmağa cəhd edərsə,
“Dəmir Yumruq” yenə düşmənin başını əzəcək”.
Müsahibənin videovariantını təqdim edirik.