Rusiyada etiraz aksiyaları davam edir. Aksiyanı müxalifət qüvvələri təşkil edib.
Rusiyada müxalifət fəalı Aleksey Navalnıyın təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilib və davam edir. Rusiya KİV-nin məlumatına görə, aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.
Müxalifət fəalı Aleksey Navalnıy Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb.
Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.
Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.
Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib.
Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.
Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçirəcəklərini bəyan etmişdilər. Navalnıyın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.