Ermənilərin Şuşanın girişinə “qələbə” simvolu kimi qoyduqları və ötən gün Bakıya – Hərbi Qənimətlər Parkına gətirilən tankla bağlı müəyyən məqamlar gündəmə gəlib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, 1992-ci ildə Şuşaya girən ilk tankı idarə edən erməni terrorçu Qagik Avşaryan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovla duelindən danışıb.
“Biz hücuma keçəndə kolların arasında bir tank gördük. Əvvəlcə onun bizim tankımız olduğunu fikirləşdik. Birdən uşaqlar mənə xəbər etdilər ki, bu tank düşmənə aiddir. Təxminən 300 metr aralıda və tankın lüləyi bizə tərəf dayanmışdı. Diqqətlə baxanda gördüm ki, bu, B seriyalı tankdır, bizdə isə ancaq A seriyalı tanklar xidmətdə idi. Şagenə dedim: “Vur, bu bizim tankımız deyil”. Şagenin atəş açması ilə eyni anda həmin tank da atəş açdı. Bizim mərmi onun sağ tərəfinə dəydi, düşmənin atdığı 2 mərmi isə mexanikin istifadə etdiyi baxış hissəsini zədələdi. Aşot və Şagen heç nə görmürdü. Hər ikisinə tez çıxmağı əmr etdim. Başa düşürdüm ki, üçüncü zərbə zamanı sağ çıxmayacağıq. Bu zaman üçüncü yaylım atəşi səsləndi. Zərbənin dalğası məni havaya qaldırdı və yerə çırpıldım. Gözümü açanda tankdan düşən Aşotu gördüm. Şagenin tankda qalmasından xəbərimiz yox idi. Üçüncü yaylım Şageni yerindəcə öldürmüşdü. Tank alov içində idi”, – Avşaryan bildirib.