Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin
tarixi hüquqlarını dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu
aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri
Edi Rama Prezident İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.
Baş nazir bildirib: “İlk növbədə, uzun illərdən sonra vəziyyətin
dözülməz həddə çatması nəticəsində ölkənizin ərazisinin bir
hissəsini uğurla geri qaytardığınız dövrdə burada olmağımdan çox
məmnunam. Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman
Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir
və bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz Ermənistanla sülhə
və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi
alqışlayırıq.
Eyni zamanda, xoşbəxtlikdən Türkiyə kimi dövlətin simasında
güclü körpüyə malikik. Qəti şəkildə inanıram ki, Sizin də qeyd
etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə,
əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən
bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri
müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr
aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı
nəticələr əldə olunacaq”.