Aktauda üçtərəfli görüş keçirildi

Aktauda üçtərəfli görüş keçirildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak edib.

Bu barədə AzerTimes-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşə, həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb.

27 iyun 2022-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha da genişləndirilməsi olub. Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirilib.

Görüşdə çıxış edən Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qeyd edilən formatın yüksək səviyyədə qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik bu ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün vacib platformalardan olduğunu vurğulayıb.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə qeyd edilən ölkələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivlərinin böyük olduğu vurğulanıb. Bu dəhlizin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malik olduğu diqqətə çatdırılıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.

C.Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi səyləri barədə məlumatlandırıb. Münaqişənin bitməsinin iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün səylərdən bəhs edib.

Post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq fəaliyyətinə ən böyük maneədən birinin mövcud mina təhlükəsi olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Ermənistan tərəfinin post-münaqişə dövründə də Azərbaycanın ərazilərində yeni minalar basdırmaqla, Azərbaycana qarşı təhdidləri davam etdirdiyi bildirilib.

Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.

Teqlər: