Ötən gün etiraz aksiyası keçirən Kirants sakinlərinə qoşulan müqaviləli hərbçilər videomüraciət yayaraq, baş verənlərdən təəssüfləndiklərini bildiriblər.
AzerTimes xəbər verir ki, videonu Ermənistan İstintaq Komitəsi yayıb.
“Hörmətli vətəndaşlar, mən Asatur Çobanyan əsgər yoldaşlarımla birlikdə Kirants kəndinə getdik, orada bizi jurnalistlər və nümayişçilər qarşıladılar və elə təqdim etdilər ki, guya biz hərbçilər nümayişçilərə qoşulmuşuq. Nəzərinizə çatdırıram ki, bütün bunlar yalandır. Biz ora tələsik getdik, buna görə təəssüflənirik və bütün bunları siyasiləşdirməməyinizi xahiş edirik. Biz əsgərik və bizə tapşırılan tapşırıqları yerinə yetirməliyik”, – müraciətdə bildirilib.
Öz növbəsində, İcevan hərbi hissəsinin əsgəri Feliks Baqumyan deyib:
“Bizim bu etirazçılarla heç bir əlaqəmiz yoxdur, siyasi baxışımız yoxdur, bizim orda görünməyimiz sırf təsadüfdür, buna görə təəssüflənirik, sizdən üzr istəyirik və bütün bunları siyasiləşdirməməyi xahiş edirik”.
Qeyd edək ki, dünən bir qrup hərbi qulluqçu Kirantsa gedərək etirazçılara qoşulub, lakin daha sonra Ermənistan Müdafiə Nazirliyi ordunun siyasi proseslərə cəlb edilməsinə yönələn hər hansı cəhdə adekvat hüquqi qiymət veriləcəyini bildirib.