Ekologiya aksiyasının Qarabağdakı ermənilərin azərbaycanlıların tələblərini qəbul etməsinə qədər davam edəcəyini düşünürəm. Fikrimcə, aksiyaçıların tələblərinin sayı, miqyası və sərtlik dozası getdikcə artacaq.
AzerTimes xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.
Alimin sözlərinə görə, aksiyaçıların tələbləri qəbul olunduqdan sonra Rusiya yenidən fəallaşacaq:
“Rusiya, 44 günlük müharibədə olduğu kimi, Qarabağdakı erməni separatçı-terrorçuların müqaviməti sındırılana qədər passiv davranacaq. Onlar azərbaycanlıların tələblərini qəbul etdiklərini (böyük ehtimal bunu Vitali Balasanyan vasitəsilə edəcəklər) açıqladıqdan sonra Rusiya aktiv fəaliyyət fazasına dönəcək. Azərbaycan rus sülhməramlıların da müşaiyəti ilə başda monitorinq olmaqla, bütün suverenlik hüququnu bölgədə mərhələli şəkildə təmin etməyə başlayacaq. Buraya Xocalı və Xankəndiyə azərbaycanlıların dönüşü də daxildir. Bəhs etdiyimiz kontekstdəki prosesi həyata keçirmək üçün Azərbaycan tərəfi özünə uyğun formatda, şərtlərdə və təqvimdə bir mexanizm quracaq.
Aksiyaya xaricdən gələn bəyanatların isə təsiri olmayacaq. Sözügedən mövzuda da 44 günlük müharibə dövründəki bənzər reaksiya və mənzərənin ortaya çıxacağını düşünürəm”.