Xəbər - trend:
Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə
28-ci dünya çempionatının ilk yarış günü başa çatıb.
Trend xəbər verir ki, bu gün təsnifat yarışları keçirilib –
qadın və kişi cütlükləri tarazlıq və temp hərəkətləri, qarışıq
cütlər və kişi qrupları tarazlıq hərəkətləri, qadınlar qrupu isə
temp hərəkətləri təqdim ediblər.
Finala çıxmaq uğrunda mübarizədə gimnastlar öz məharətlərini və
yüksək idman hazırlığını nümayiş etdiriblər.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.