AKP və Ərdoğan İmamoğlunu niyə əsas namizəd etmək istəyir? Əsl sual budur.
AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli İstanbul meri Əkrəm İmamoğlu haqda həbs cəzası çıxarılması qərarını şərh edərkən deyib.
O bildirib ki, İmamoğluna qarşı istənilən təqib, həbs qərarının onu daha da populyarlaşdırdığını AKP yaxşı bilir:
“Əslində tarixi təkrarlayırlar – Ərdoğan da İstanbul meri idi, onu da şeir oxuduğuna görə həbs etdilər, siyasi karyerası yüksəldi, əvvəl Baş nazir, sonra da hakimi-mütləq prezident oldu. Yaxşı, bütün bunları bilə-bilə nədən Əkrəm bəyə eyni yolu açırlar?
Məncə, məsələ belədir: Bu qərarın təsdiqi azı 1-1,5 il çəkəcək, yəni 6 aydan sonra baş tutacaq seçkilərə qədər Ə.İmamoğlu nə həbs olunacaq, nə də siyasi fəaliyyətinə yasaq gələcək. Bu qərar anında İmamoğlunu 1 nömrəli namizəd edir, Akşənər də məhz onun namizəd olmasını istəyir – amma bütün araşdırmalar göstərir ki, Ankara meri Mənsur Yavaşın reytinqi daha yüksəkdir, mühafizəkar-sağ-millətçi siyasi qanaddan gəlir, AKP seçmənindən ən çox o səs qoparda bilər.
Deməli, Ərdoğan və onun PR komandası Yavaşdansa, İmamoğlunun namizəd olmasını özləri üçün daha uyğun sayırlar. Həm müxalifətin birləşdiyi “6-lar masası”nda da İmamoğludan çox Yavaşı istəyənlər üstünlük təşkil edir. Yəni Əkrəm bəy namizəd olsa, birlik dağıla bilər ki, bu da AKP üçün yaxşıdır.
Ümid edirəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu seçkilər olacaq”.