Akademiklə professorun kitabı təqdim edildi

Akademiklə professorun kitabı təqdim edildi

Martın 13-də Azərbaycan Milli Aerokosmik Agentliyində xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” adlı kitabın təqdimat mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı öz unikallığı və aktuallığı ilə seçilir. Bildirilib ki, müəlliflər yeni elmi yanaşma ilə çıxış edərək oxucuların diqqətini çəkməyi bacarıblar.

Kitabın həmmüəllifi, xalq yazıçısı, akademik Kamal Abdulla dəvətə görə agentlik rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb:

“Mən elə güman edirəm ki, qeyri-səlis məntiq əvvəl-axır humanitar istiqamətə yönələcəkdisə, onun “Kitabi-Dədə Qorqud” dastanında olmağı son dərəcə qürurverici və ədəbiyyatımız, elmimiz üçün mühüm bir şərtdir. Çünki Lütfi Zadə öz elmi təxəyyülünün, öz elmi kəşfinin nəticəsini hökmən humanitar sahədə görmək istəyirdi, nəinki texniki sahələrdə. “Kitabi-Dədə Qorqud” dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək tolerantlıq, xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrəniblər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyl, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur”.

Kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın necə ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi məhz akademik Kamal Abdulla olub:

“İdeya daha önəmlidir. Bu baxımdan kitabın yazılma ideyasının müəllifi də məhz Kamal Abdulladır. Kamal müəllim bu kitabda həm də onu göstərdi ki, o, qeyri-səlis məntiq sahəsində də mütəxəssisdir. Üçüncünü istisna qanununun ədəbi kontekstdə təsviri bunun əyani sübutudur. Bizə məlum oldu ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.

Xalq şairi Ramiz Rövşən “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı haqqında düşüncələrini bölüşüb. Qeyd olunub ki, kitab oxucuları düşüncə və təfəkkür aydınlığına yoluxdurur. Bu yoluxma öz-özlüyündə müsbət mənada anlaşılmalıdır. Çünki bu yoluxmadan oxucular faydalana bilir.

Tədbir oxucuların sualları ilə davam edib.

Teqlər: