Xəbər - Fərid Zöhrabov – Trend:
Bizim əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayətə
çevrilmədən qarşısını almaqdır. Cinayət baş verdikdə onun nəticəsi
ilə işləmək çox çətin olur.
Bu sözləri Trend-ə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət
zorakılığı ilə iş üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə
deyib.
“Ümumi zorakılığın üç növü var. Məişət zəminində törədilən
zorakılığın isə dörd növü var. Ölkəmizdə ən geniş yayılanı fiziki,
psixoloji zorakılıqdır. Bizdə olan rəsmi məlumatlarda iqtisadi və
cinsi zorakılığa az rast gəlirik. Demək olar, əksər ailələrdə
məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Hər bir
zorakılığın arxasında psixoloji problem durur. Bəzən bu durumlar
qətllə də nəticələnə bilir. Psixoloji zorakılığa gətirən əsas
səbəblər anlaşılmazlıqdan, kənar müdaxilələrdən, bir-birinə vaxt
ayırmamaqdan da qaynaqlanır.”
Komitə rəsmisinin sözlərinə görə, problemlərdən biri də
zorakılıqla bağlı müraciətlərin vaxtında edilməməsidir:
“Zoraklıqla bağlı mübarizəmizin birinci istiqaməti odur ki, daha
əvvəldən bizə müraciət etsinlər. Çünki nə qədər erkən müdaxilə
olsa, məsələ fiziki münaqişə zəmininə, qətlə qədər gəlib çıxmaz.
Bəzən zorakılığa məruz qalan insan barədə araşdırma apararkən məlum
olur ki, heç kimə problemi ilə bağlı müraciət etməyib. Məişət
zorakılıqlarının başında psixoloji zorakılıq dayanır. Ən son həddi
isə fiziki zorakılıqdır. Bu səbəbdən bölgələr üzrə daha çox ucqar
kəndlərə mütəxəssislər cəlb olunur. Bir problem yarandıqda müraciət
edin. Vətəndaş Komitəyə müraciət etdikdə, əgər nömrəsi yoxdursa,
həmin vətəndaşın problemi yerli icra hakimiyyətlərində yerləşən
monitorinq mərkəzlərimiz tərəfindən araşdırılır”, – deyə
T.Hüseynzadə bildirib.