Aİİ-nin təşkil etdiyi “Qış məktəbi”nin dördüncü günü seminar və ziyarətlərlə davam edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin dördüncü günü seminar və ziyarətlərlə davam edib.

Günün birinci yarısında tələbələr üçün Lənkəran Dövlət Universiteti Tarix-coğrafiya və incəsənət fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Müşfiq Bayramovun təqdimatında seminar kecirilib.

“Azərbaycanın Cənub-Şərq bölgəsinin muzeydənkənar tarix və mədəniyyət abidələri” mövzusunda məruzə edən dosent Müşfiq Bayramov bildirib ki, bəşəriyyətin və ayrılıqda hər bir xalqın mədəniyyəti bir çox mənbələrdə əks olunur. Bu qiymətli irs nəsildən-nəslə ötürülməlidir. Məhz bu mədəni dəyərlərin istər ictimai, istərsə də tərbiyəvi əhəmiyyəti böyükdür.

Mövzunun mahiyyətini açıqlayan M. Bayramov qeyd edib ki, mədəni sərvətlərin çox hissəsi məhz olduğu yerdə qorunub-saxlanıldığına və nümayiş olunduğuna görə, onları muzeydənkənar abidələr də adlandırırlar.

Daha sonra vurğulayıb ki, muzey əşyaları kimi bu abidələr də xalqın keçmişini, mədəniyyət və incəsənətini öyrənməkdə əsaslı mənbə kimi əhəmiyyət kəsb edir.


Azərbaycanda muzeydənkənar abidələr haqqında söhbət açan M.Bayramov bildirib ki, ölkəmizdə mövcud olan abidələrin sayı və şəbəkəsi zəngin, tarixi isə çox qədimlərə təsadüf edir. Xüsusilə, muzeydənkənar abidələr arasında keçmiş əsrlərdən müasir günümüzə qədər bizə miras qalmış memarlıq nümunələri müstəsnalıq təşkil edir.

Layihə iştirakçıları günün ikinci yarısında “Seyid Xəlifə” türbəsini ziyarət ediblər.

Xatırladaq ki, fevralın 11-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onları ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etməkdir.

Teqlər: