Aİİ-nin kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və
tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar Quba rayonuna səfər edib.

İnstitutun heyəti öncə şəhərin mərkəzində ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla
yad ediblər.

İnstitut heyəti Quba Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş
şəhidlərin xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub,
məzarları üzərinə gül dəstələri düzüb.

Daha sonra İnstitutun kollektivi Quba Soyqırımı Memorial
Kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi
daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı,
Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan,
Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib,
mindən artıq kənd yandırılıb və dağıdılıb.

Aİİ-nin kollektivi səfər çərçivəsində Qubada fəaliyyət göstərən
“Cümə məscidi” və “Ərdəbil” məscidlərini ziyarət ediblər.

Daha sonra İnstitut kollektivi Qubada yerləşən “Qırmızı
qəsəbə”də olub. “Giləki” sinaqoqu ilə yaxından tanış olublar. Aİİ
heyətinə yəhudilərin adıçəkilən qəsəbədə, həmçinin Azərbaycanda
məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və
tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.

Məlumat üçün bildiririk ki, Aİİ-nin bölgələrimizə təşkil etdiyi
səfərlərin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun
gücləndirilməsinə, milli ruhda yetişməsinə töhfələr vermək, onların
dünyagörüşlərinin zənginləşdirilməsi, ölkəmizdə mövcud olan
multikultural durum və tolerant mühit ilə tanış etməkdir.

Teqlər: