Aİİ-də müəllimlərlə iclas keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin başlanması ilə əlaqədar müəllimlərlə iclas keçirib.

Aİİ rektoru Aqil Şirinov öncə yeni tədris ilinin başlanması və 5 Oktyabr – Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Təhsilin cəmiyyət və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan rektor ümummilli lider Heydər Əliyevin təhsil haqqında fikirlərini bölüşüb: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar”.

Aqil Şirinov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu təhsil siyasətini vurğulayaraq, ölkə başçısının “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır” – sözlərinə diqqət çəkib.

Aİİ rektoru Aqil Şirinov daha sonra gündəlikdə duran məsələlərə toxunub. Qeyd edib ki, müəllimlər pandemiyadan sonra əyani təhsilə keçidlə bağlı tələbələrlə daha sıx işləməlidirlər.

Tədrisin keyfiyyətinin daha da yüksəldilməsi haqqında fikirlərini bölüşən rektor daha sonra bildirib ki, dərslərin, xüsusilə dil fənlərinin səmərəliliyinin artırılması üçün əlavə kurslar təşkil edilməlidir. A.Şirinov qeyd edib ki, tələbələrlə mütəmadi şəkildə görüşlər təşkil edilməli, tədrislə bağlı problemlər həll olunmalıdır.


Aİİ rəhbəri elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin fəaliyyətinin artırılması məsələsinə də toxunub.

Rektor, həmçinin əyani tədrisin davamlı olması üçün karantin rejimi qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb.

İclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.

Teqlər: