Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May – Respublika Gününə həsr olunmuş videokonfrans keçirilib.
“ZOOM” proqramı üzərindən təşkil olunan videokonfransda Aİİ-nin əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Aqil Şirinov videokonfrans iştirakçılarını salamladıqdan sonra, Respublika Günü münasibətilə təbriklərini bildirib. Rektor bugünün önəmini diqqətə çatdıraraq, uzun illər Çar Rusiyasının əsarətində qalmış, məhrumiyyətlər yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb.
Aİİ rəhbəri daha sonra bildirib ki, həmin dövrdə və belə bir şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları gərgin mübarizə nəticəsində əllərindən gələni əsirgəməyərək, bu müqəddəs vəzifəni yerinə yetirməyi bacarıblar.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov tədbir iştirakçılarını salamladıqdan sonra, Respublika Günü münasibətilə təbrikərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi və keçdiyi yol haqqında ətraflı məlumat verən A. İsgəndərov 28 may 1918-ci ildə elan olunan bugünün tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayıb. Həmin dövrdə baş verən hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, Xalq Cümhuriyyətinin az yaşamasına baxmayaraq, xalqımızda azadlıq və müstəqillik fikirlərinin formalaşmasında müstəsna rolunu nəzərə çatdırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət tarixinin araşdırılmağa başlandığını və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna qərarlarını diqqətə çatdıran professor hazırda sözügedən siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin tariximiz üçün əhəmiyyətini vurğulayıb.
Videokonfrans tədbir iştirakçılarının qarşılıqlı müzakirəsi ilə davam edib.