Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Aİİ İlahiyyat fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxış edərək, tarixi gün haqqında geniş məlumat verib. Milli Dirçəliş Gününə qədər baş vermiş tarixi hadisələr barədə ətraflı bəhs edən R.Mustafa 1980-ci illərdə Ermənistandan Azərbaycana deportasiya edilən azərbaycanlılar haqqında faktları açıqlayıb. Vurğulayıb ki, ermənilər bununla kifayətlənməyərək, Dağlıq Qarabağ bölgəsində də iğtişaşlar törədir, Azərbaycanın əzəli torpaqlarını özlərinə birləşdirmək cəhdləri göstərirdilər. Belə bir vaxtda Azərbaycan xalqı artıq anlayırdı ki, nə Moskva, nə də ölkənin ozamankı rəhbərliyi qəti tədbir görmək niyyətində deyil. Yüzminlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq, Bakıdakı Azadlıq meydanına axışıb, etiraz mitinqinə başladı.
Mitinqdə siyasi və dini baxışından, sosial təbəqəsindən asılı olmayaraq, hər kəsin bir amal uğrunda mübarizə apardığını qeyd edən tarixçi Meydan Hərəkatını millətin birliyinin göstəricisi kimi xarakterizə edib. Bu hadisə ilə milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının qoyulduğunu vurğulayan R.Mustafa 44 günlük Vətən müharibəsində qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu qeyd edib.