Aİİ-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransda Aİİ-nin rektoru, rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər.

İnstitutun rəhbəri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov çıxış nitqi ilə videokonfrans iştirakçılarını salamladıqdan sonra, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz tarixi xidmətlərindən bəhs edib.

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasının, inkişafının, ölkəmizdə sabitlik və həmrəyliyin təmin edilməsinin bilavasitə Ulu Öndərin xidmətləri ilə bağlı olduğunu vurğulayan rektor A.Şirinov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi yazıldığını nəzərə çatdırıb.

Aİİ rəhbəri daha sonra əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında həyata keçirilən siyasət haqqında da məlumat verib.

Rektor qeyd edib ki, əsası Heydəır Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident cənab İlham Əliyevin layiqli şəkildə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində qələbə qazanmağımız mümkün oldu.


Videokonfransda çıxış edən millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib. Həmin dövrdə Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə dövlət quruculuğu prosesinin yeni nümunəsininin yarandığını vurğulayıb.

Videokonfrans tədbir iştirakçılarının və tələbələrin qarşılıqlı müzakirəsi ilə davam edib.

Teqlər: