Avropa İttifaqının (Aİ) başlatdığı “İqtisadi İnkişafı
Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsü o prinsipə əsaslanır ki,
yerli hakimiyyət orqanları özəl sektor, dövlət təşkilatları və
vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə yerli biznes mühitinin
yaxşılaşdırılmasına kömək edə və aparıcı qüvvənin özəl sektorun
təşkil etdiyi iqtisadi artım və iş yerlərinin yaradılması üçün
şərait yarada bilər.
Bakı, 14 mart 2022-ci il – Avropa İttifaqı (Aİ) və Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda yeni
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının
icrasına başlayıb. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə
Sədrləri” proqramı 2024-cü ilə qədər davam edəcək və Şərq
Tərəfdaşlığı (ŞT) regionunda dayanıqlı inkişafı hədəfləyəcək.
Yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı
pandemiya böhranı zamanı ŞT regionunda şəhərlərin üzləşdiyi və
əvvəlcədən elan edilmiş problemləri həll etməyə çalışır. “İqtisadi
İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı yerli
bələdiyyələr və icmalarla sıx əməkdaşlıq çərçivəsində tədris,
mübadilə və strateji innovasiyalar vasitəsilə inkişaf üçün
innovativ yanaşmaları araşdıracaq və bələdiyyələrin, böyük və kiçik
şəhərlərin və kənd icmalarının imkanlarının genişlənsirilməsi üçün
platforma rolunu oynayacaqdır.
“”İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı
çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə Yerli İqtisadi
İnkişaf Planlarının hazırlanması prosesində dəstək veriləcək.
Şəhərlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və inkluziv
inkişaf, yüksək gəlirlər, yoxsulluğun azaldılması, həyat
səviyyəsinin yüksəldilməsi, daha sağlam cəmiyyət və nəticədə,
regionlarla paytaxt arasında fərqlərin azalması deməkdir. Şübhəsiz
ki, bu Proqram Aİ ilə Azərbaycan Hökuməti və ən əsası şəhərlərin
bələdiyyə sədrləri arasında “güclü tərəfdaşlıq” əlaqələrinin daha
da güclənməsinə töhfə verəcəkdir”, – deyə Avropa Birliyinin
Azərbaycandakı səfiri Peter Mixalko bildirib.
“Şəhərlər Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında
mühüm rol oynayır. Son dövrlərdə pandemiya şəhərlərin həssaslığını,
dayanıqlığa olan kəskin ehtiyacını ortaya qoymuşdur və ehtimal
olunur ki, onların struktur aspektləri, məkan paylanması və
şəhərlərin təşkili üzərində uzunmüddətli təsirə malik olacaq. Bu
mürəkkəb çağırışlar yeni modellər, aydın məqsədlər və mürəkkəbliyi
və davamlı araşdırma prosesini nəzərə alan düşüncə tərzi tələb
edir. Bu gün biz strateji tərəfdaşımız olan Avropa İttifaqı ilə
Azərbaycanın şəhər bələdiyyələrinə gələcək illərdə icmalarına fayda
verəcək planların hazırlanması və həyata keçirilməsində dəstək
olmaq üçün yeni layihə başladırıq,” deyə BMTİP-nin Azərbaycandakı
nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov qeyd
edib.
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün
həm hazırkı, həm də gələcək üzvləri yerli ekosistemlər əsasında
yüksək kontekstləşdirilmiş innovativ inkişaf strategiyalarının
işlənib hazırlanmasına yönəlik təlim və bilik mübadiləsi
fəaliyyətlərindən faydalanacaqlar. Aİ və BMTİP yeni nəsil yerli
iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında, strateji
düşüncənin təşviqində və şəhər dayanıqlığının yaradılmasında onlara
dəstək verəcək. Yerli bələdiyyələr yeni fürsətlərə və maliyyələşmə
imkanlarına çıxış əldə edə biləcəklər. Buraya maraqların ifadə
olunması üçün illik portfolio elanı eləcə də innovativ təkliflərin
qəbulu üçün illik elan da daxildir.