Aİ və Azərbaycan Xəzər qazının ixracının artırılması perspektivlərini müzakirə edib

Mayın 13-də Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri və
Azərbaycan hökumətinin nümayəndələri Avropa İttifaqı (Aİ) ilə
Azərbaycan arasında enerji sahəsində anlaşma memorandumuna uyğun
olaraq enerji məsələlərinin müzakirəsi üçün görüş keçirib.

Trend bu barədə
Avropa Komissiyasına istinadən məlumat verir.

Qeyd olunub ki, görüş enerji sektorunda cari əməkdaşlıq və
Azərbaycan qazının Aİ-yə ixracının həcminin artırılması
perspektivlərinin müzakirəsinə həsr olunub.

Aİ nümayəndələri Xəzər regionundan boru kəmərləri ilə qaz
tədarükünün artırılmasında böyük marağın olduğunu vurğulayıb və
bunun yaxın illərdə Rusiya xammalından imtinaya yönəlmiş “REPowerEU” strategiyasının prioritetlərinə uyğun olaraq enerji
mənbələrinin şaxələndirilməsinə əsas töhfə olduğunu qeyd edib.

“Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun
2022-ci il fevralın 4-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının
nazirlər iclasında iştirakından və Azərbaycan hökumət nümayəndələri
ilə görüşlərindən sonra Avropa Komissiyasının energetika üzrə
direktorluğunun enerji siyasəti, strategiya və koordinasiya üzrə
direktoru Kristina Lobillo Borrero ilə energetika nazirinin müavini
Elnur Soltanovun enerji sahəsində anlaşma memorandumu ilə bağlı
növbəti görüşü keçirilib”, – Avropa Komissiyasının bəyanatında
deyilir.

Bildirilib ki, qlobal enerji problemlərinin kəskinləşməsi
kontekstində Aİ ilə Azərbaycan arasında sabit ikitərəfli enerji
əlaqələri və əməkdaşlıq rəqabətədavamlı, şaxələndirilmiş və
etibarlı qaz tədarükünə xidmət edən əsas amildir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: