Aİ-ÜST layihəsi çərçivəsində Azərbaycan səhiyyəsinə dəstək göstərilir (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Aİ-ÜST layihəsi COVID-19 kontekstində Azərbaycanda uzunmüddətli psixi sağlamlıq xidmətləri göstərən səhiyyə müəssisələrini dəstəkləyir.

Bu barədə Trend-ə ÜST-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

COVID-19 pandemiyası səhiyyə sistemləri və müəssisələri üzərində əlavə yük yaradıb. Xüsusilə, həssas qrup olan uzunmüddətli müalicə müəssisələrindəki pasiyentlər, artan infeksiya riski və COVID-19 pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərdən daha çox əziyyət çəkirlər.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində ÜST Azərbaycan və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin ekspertləri Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsində COVID-19 hallarının idarə edilməsi və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsini aparıb. Bu müəssisələr ölkədə psixi sağlamlıq xidmət göstərən ən böyük səhiyyə müəssisələridir.

Qiymətləndirmə, COVID-19-un pasiyentlərin gündəlik həyatına təsir etdiyi sahələri anlamaq, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin həyata keçirilməsi, COVID-19-a yoluxmuş pasiyentlərin müəyyənləşdirilməsi və idarə edilməsində dəstəyə ehtiyac duyulan sahələri müəyyən etmək, uzunmüddətli müalicə müəssisələrinə gərəkli olan hallarda digər səhiyyə xidmətlərinin əldə edilməsində dəstək olmaq məqsədi daşıyıb.

Layihə çərçivəsində əl gigiyenası stansiyaları, əl dezinfeksiyaediciləri və məlumatlandırıcı posterlərin verilməsi ilə bu uzunmüddətli müalicə müəssisələrində infeksiyaların profilaktikası və nəzarəti tədbirlərinin yaxşılaşdırılmasına dəstəyin davam etdirilməsi planlaşdırılır.

Milli tərəfdaşlarla əvvəlki müzakirələr nəticəsində, həmçinin, pandemiya zamanı uzunmüddətli müalicə müəssisələrində xəstələrə psixososial dəstəyə ehtiyacın artdığı qeyd olunub. Bunu nəzərə alaraq, sentyabrın 1-dən başlayaraq, Aİ-ÜST layihəsi pandemiyanın təsirinə qarşı mübarizə qabiliyyətlərini artırmaq məqsədilə yuxarıda qeyd edilən səhiyyə müəssiələrində çalışmaq üşün 3 psixoloq və 3 sosial işçi göndərib. Sentyabrın birindən fəaliyyətə başlayan mütəxəssislər 6 ay ərzində tibb işçilərinin psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində bilik və bacarıqların artırılması sahəsində çalışacaqlar.

Twitter: @cingizsafarli

Teqlər: