Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, estoniyalı diplomat Toyvo Klaarın separatçı David Babayan və digərləri ilə görüşü sözügedən şəxsin mandatına ziddir və separatizmin stimullaşdırılmasına xidmət edir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli qeyd edib ki, Toyvo Klaar Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə çox həssas yanaşdığını, güzəştsiz mövqe sərgilədiyini çox gözəl bilir və bunu ona 44 günlük Vətən müharibəsindən öncə Bakıda keçirdiyi görüşlərdə detallı şəkildə başa salıblar:

“Toyvo Klaar Estoniyanın xarici işlər və müdafiə nazirliklərində yüksək vəzifələrdə təmsil olunmuş təcrübəli bir diplomat kimi dövlət müstəqilliklərinin ilk illərində ölkəsinin qarşılaşdığı “Narvaətrafı” separatçı hərəkatının və “Narvaətrafı Respublika” yaratmaq cəhdlərinin rəsmi Tallini hansı çətinliklərlə qarşı-qarşı qoyduğunu unutmamalıdır.

1993-cü il iyulun 16-da Narva və Sillamyae şəhərlərində separatçıların, ərazinin gələcəkdə Rusiyaya birləşməsi ilə bağlı “keçirdikləri” qanunsuz referendumu da həmçinin… Həmin dövrdə və indi Estoniya separatçıların qanunsuz hərəkətlərinə necə yanaşırdısa, Azərbaycanda öz torpaqlarında erməni separatizminin yenidən baş qaldırılması cəhdlərinə və bu prosesin stimullaşdırılmasına eyni prizmadan, yəni dövlətin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı müstəvisindən yanaşır.

Bu baxımdan, Toyvo Klaarın separatçıların tör-töküntüləri ilə görüşməsi, başa çatmış münaqişənin davam etdirilməsi cəhdlərinin, revanşizmin dəstəklənməsi, separatizmin və terrorizmin müdafiə olunması kimi dəyərləndirilməlidir. Ümid edirəm ki, Toyvo Klaar ən yaxın keçmişdə, 2017-ci ildə sələfi almaniyalı Herbert Zalberlə bağlı hadisəni unutmayıb. Həmin dövrdə Herbert Zalberin Cənubi Osetiyaya səfəri, orada verdiyi bəyanatlar, həmçinin qondarma rejimin başçısı Anatoli Babilovu “prezident seçilməsi” münasibətilə təbrik etməsi Gürcüstanın kəskin etirazı və Zalberin istefası ilə nəticələnmişdi”.

Teqlər: