Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Freund Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalara səfər edib. Səfərin məqsədi qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması sahəsində Avropalı mütəxəssislərlə birgə əməkdaşlığın, təcrübə mübadiləsinin daha da genişləndirilməsidir.
AQTİ-dən AzerTimes-a bildirilib ki, tanışlıq səfəri zamanı Aİ-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək sahəsində Aİ-nin Azərbaycanda reallaşdırdığı uğurlu layihələrdən danışılıb.
Həm iş prinsipini öyrənmək, həm də müayinə metodları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olmaq məqsədilə R. Freund AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Qonağa laboratoriyaların fəaliyyət istiqaməti, maddi-texniki bazası, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı, səriştəlilik sınaqlarında əldə olunmuş yüksək nəticələr barədə ətraflı məlumat verilib.
Görüşdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının daha səmərəli təşkilini təmin etmək baxımından Aİ ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər, bilik və bacarıqların mübadiləsi müzakirə olunub