Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır – Separatizm və terror alovlandırılır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar. Bu adam ötən il düz iki dəfə Azərbaycanda rəsmi səfərdə olub. Bu səfərlər zamanı Prezident İlham Əliyev başda olmaqla, digər rəsmi şəxslərlə də görüşüb. Hər dəfəsində regiondakı vəziyyət, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər, Ermənistanın dövlət sərhədində təxribatlar törətməsi, eləcə də yeni təxribatlara hazırlaşması ilə bağlı Azərbaycan tərəfinin narahatlığı onun diqqətinə çatdırılıb.

Ötən il Vətən Müharibəsinin başlanmasından 2 gün əvvəl, sentyabrın 25 də Prezident İlham Əliyev Toivo Klaarı qəbul edərkən onu xəbərdar etdi ki, Ermənistanın danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərməsi idi:

“Bu da tərəfimizdən dərhal rədd edilmişdir və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməmişdir. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər. Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək üçün göndərilmişdir. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var?…”.

Dövlət başçısı əlavə etdi ki, kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

Bu görüşdə Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar isə dedi ki, son aylarda narahatlıq doğuran çox hadisələr baş verib: “Mənim bu gün burada olmağımın xüsusi səbəbi məhz budur. Bilirsiniz ki, ali nümayəndə sizin Xarici İşlər naziri, eləcə də Ermənistanın xarici işlər naziri ilə təmasda olub. Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır. Mən öz növbəmdə vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam”.

Bütün bunları təsadüfən xatırlatmadıq. Münaqişə artıq geridə qalıb. Azərbaycan işğalda olan ərazilərini öz Ordusunun gücü ilə azad edib. Dağlıq Qarabağ problemi artıq öz həllini tapıb. Təəssüfləndirici məqam isə odur ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar kimi şəxslər hələ də olub-bitənlərdən bir nəticə çıxarmayıb. Halbuki, bu vaxta qədər istər siyasi, istərsə də hərbi istiqamətdə Azərbaycandan aldığı master-klaslardan nəsə əxz etməli idi. Etməyibsə, deməli ya istəmir, yaxud, o da bəzi ermənipərəst Avropa siyasətçiləri kimi birilərinin təsiri altındadır.

Niyə? Çünki adam özü üçün bir dərs çıxarmaq əvəzinə, dünən Yerevanda qondarma “Artsax Respublikası”nın qondarma “xarici işlər naziri” David Babayanla görüşüb, onunla bölgədəki vəziyyəti, müharibədən sonrakı böhranı müzakirə edib. Bu nə deməkdir, bilirsinzimi? Bu, birbaşa Ermənistanda revanşist əhval-ruhiyyənin güclənməsinə xidmət edir və Azərbaycan ictimaiyyəti tərəfinədən Dağlıq Qarabağda separatizm və terroru reanimasiya etmək cəhdi kimi dəyərləndirilir.

Toivo Klaar, sən Azərbaycan Prezidenti ilə qarşı-qarşıya oturub “Mən vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam” deyəndə dövlət başçısı sənə hər şeyi öyrətdi, başa saldı. Daha sonra nəyi həll etdin, hansı dəstəyi göstərdin? Yaxud hansı təzyiq mexanizmindən istifadə etdin? Əvəzində Ermənistan öz çirkin təxribatlarına – üzərinə bir az da qoymaqla – davam etmədimi? Təbii ki, nəticə həm sizin, həm də Ermənistan üçün odluqca məyusedici oldu…

Bu arada, xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Toyvo Klaarın sələfi almaniylı Herbert Zalberin Cənubi Osetiyaya səfəri və Cxinvalda Anatoli Babilovu “prezident seçilməsi” münasibətilə təbrik etməsindən sonra ciddi bir qalmaqal yaşandı və nəticədə Zalber istefa vermək məcburiyyətində qaldı.

Bunu ona görə xatırlatdıq ki, Qarabağ separatçıları ilə təmaslara yol verən Toivo Klaarı da eyni aqibət gözləyə bilər. Odur ki, ona tutduğu postun siyasi ağırlığına hörmətlə yanaşması və etikadan kənara çıxmaması tövsiyə olunur.

Elgün MƏNSİMOV
Trend

Teqlər: