Bakıda “Media haqqında qanunun Vətəndaş Cəmiyyəti İnstitutlarına təsiri” mövzusunda tədbir keçirilib. Yayılan məlumatda tədbir təşkilatçısının MG Consultung MMC olduğu görünür.
AzerTimes xəbər verir ki, diqqətçəkən ilk məqam MG Consultung MMC-nin nə media, nə də QHT sektoru üzrə ixtisaslaşmış təşkilat olmadığıdır.
3-cü sektorla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İnternetdə aparılan axtarışlardan belə nəticə çıxır ki, bu təşkilat nəinki media və ya QHT sektoru üzrə ixtisaslaşmayıb, hətta fəaliyyəti barədə indiyədək KİV-də yetərli məlumatlar da paylaşılmayıb.
Yəni, KİV-lə əməkdaşlığı yoxdur. Təşkilatın ortabab KİV müstəvisində görünməsi halı indi ilk dəfə baş verir. Bu məlumat da cəmi bir KİV subyektində yayımlanıb.
MG Consultung MMC haqqındakı azsaylı informasiyalar əsasən sosial şəbəkə hesablarında mövcuddur. Həmin informasiyaları uyğunlaşdırıb təhlil edəndə bəlli olur ki, təşkilat adı informasiya resurslarında 2-3 illik intervalla görünür: hansısa qrant layihəsini başlayanda, ya da həmin layihəni yekunlaşdıranda qısa elan verirlər.
MMC-nin sonuncu tədbirinə qatılanların kimliyi də maraqlıdır. Şəkillərdən belə görünür ki, 15 nəfər iştirakçıdan cəmi 2-3 nəfəri media və QHT sektorunda tanınan ismlərdirlər. Digərlərinin bu sektora ciddi bir aidiyyatı yoxdur. Daha dəqiq desək, üçüncü sektorda tanınmış imza sahibləri deyillər.
Media və QHT sektorunda təkəmseyrək görünən MG Consultung MMC-ni birdən-birə belə mötəbər mövzuya baş vurmağa kim sövq edib? Media ilə QHT-lər arasında əməkdaşlıq sahəsində hansı problemlər yaranıb ki, MG Consaltinq belə bir müzakirə açmağa zərurət duyub? Media və QHT sektorunda təmsil olunanlar təsdiq edərlər ki, bu iki platforma arasında hansısa problemlərin olması mövzusu aktual deyil. Əksinə, dövlətin bu 2 sektorun inkişafına cavabdehlik daşıyan strukturları, həm MEDİA Agentliyi, həm də QHT Agentliyi QHT-lərlə KİV-lər arasında əlaqələrin inkişaf etdirilməsi üçün stimullaşdırıcı addımlar atırlar. QHT-media əməkdaşlığı son illərdə inkişaf edir. Ümumilli məsələlərdə həmrəylik göstərilir, sıx əməkdaşlıq edilir. Və bütün bu addımlar ciddi effektlər verir. MG Consultung nədən narahat olur, niyə bu mövzunu problemə çevirir?
MG Consultung MMC-nin direktoru Lalə Adilova açılış nitqində qeyd edib ki, tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “VCT Ölçü Meyarı: VCT-lərə əlverişli mühitin yaradılması və onların imkanlarının genişləndirilməsi üçün kompas” layihəsi çərçivəsində baş tutur. MMC-nin hüquqşünası Emin Rzayev isə bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və MG Consultung tərəfindən icra edilən bu layihə böyük həcmlidir. “Media haqqında qanun təftiş edilərək VCT-lərə təsirinin araşdırılması isə layihənin yalnız bir elementidir”. Beləliklə, “Media haqqında qanunun təftiş edilməsi” prosesinin arxasında Avropa İttifaqının Bakı ofisinin dayandığına işarə verilir.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “Media haqqında qanun”a münasibəti əvvəlcədən ziddiyyətli olub. Hələ 2022-ci ildə-qanun qüvvəyə mindiyi ilk dövrdə Aİ Bakı nümayəndəliyinin rəhbəri Peter Mixalko açıqlama verərək bildirmişdi ki, “Azərbaycanda qüvvəyə minmiş “Media haqqında” qanun Aİ və Azərbaycan hakimiyyəti arasında müzakirə mövzusuna çevrilib”. Aİ-nin “Media hqqında qanun” mövzusunda Azərbaycan hakimiyyəti ilə müzakirələr aparmasında qəbahət yoxdur. Belə mövzuları müzakirə etmək beynəlxalq dövlətlərarası təşkilatların missiyalarına daxildir. Problem ondadır ki, nə Avropa İttifaqı, nə də digər təşkilatlar “Media hqqında qanun”un onlarda nə üçün “narahatlıq yaratdığını” əsaslandıra bilmirlər. Yetərli arqumentlər tapıb təqdim etmirlər. Sadəcə “narahatlıqlarını” dilə gətirirlər. Mövzunu şişirdib manipulyasiya predimetinə çevirirlər. Arqumental müstəvidə uduzanda isə, öz iradələrini təzyiq yolu ilə, proksi variantlardan istifadə etməklə qəbul etdirməyə çalışırlar.
Məsələn, 2022-ci il feralın 4-də “müstəqil media qurumları rəhbərlərinin”, “tanınmış ekspertlərin” iştirakı ilə “Media Reyestri mövzusunda dəyərimi masa” keçiriləcəyi anons edilmişdi. Sonradan bəlli olmuşdu ki, “müstəqil media qurumları” deyib “reket saytların” təmsilçilərini bir araya toplayıblar. Təbidir ki, ”Media haqqında qanun” KİV-dən su-istifadə edənləri” sıra dışında qoyur. Onların neqativ davranışlarının qarşısını alır. Bu baxımdan “qeyri-peşəkar KİV təmsilçilərinin” yeni qanuna qarşı təpki göstərmələrinin səbəbini anlamaq olur. “Media hqqında qanun” media mühitində şəffaflaşmanı, saflaşmanı, peşəkarlığın artmasını təmin edir. “Sui-istifadəçilər” üçün belə mühit əlverişli deyil.
Bəs Avropa İittifaqı bu tipləri nə üçün dəstəkləyir? İş ondadır ki, 2022-ci il fevralın 4-də keçirilən toplantıya “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” ev sahibliyi etmişdi. İƏAM-ın fəaliyyətinin böyük hissəsi isə Avropa İttifaqının layihələrinə bağlanır. Yəni, 2022-ci ildə “Media haqqında qanun” əleyhinə keçirilən kampaniyalarda digər təşkilatlarla yanaşı Avropa İttifaqının Bakı nümayəndəliyi də göründü. Prosesin davamı kimi, Aİ Bakı ofisində qapalı dinləmələrin keçirildiyi, qanuna qarşı kampaniyaların keçirilməsi yönündə təlimatların verildiyi bilindi. İndi də MG Consultung MMC-nin fəaliyyəti gedib Aİ Bakı ofisinin layihəsinə dayanır.
Belə çıxır ki, Aİ Bakı ofisi Azərbaycan media mühitində şəffaflığın yaranmasında, peşəkarlığın artmasında maraqlı deyil. Əks təqdirdə media üzrə fəaliyyətini Azərbaycanın peşəkar, legitim media təşkilatları ilə koordinasiya edərdi. Diqqət çəkən problemlər tapdığı halda, onları legitim strukturların iştirakı ilə həll etməyə çalışardı. Azərbaycanda 10-larca legitim media təşkilatı mövcuddur. Künc-bucaqda qalmış, toz basmış təşkilatları dirildib arxasında gizlənmək, “böyük həcmli layihələr” verib “qaşınmayan yerdən qan çıxarmaq” Aİ-nin nəyinə lazımdır?
Məsələnin başqa bir tərəfi də vardır. 2014-cü ildən etibarən Azərbaycanda “Qarant haqqında qanun”da yeniliklər edilib. Xaricdən qrantların alınması üçün ciddi prosedurlar tətbiq edilibdir. Hətta hökumətyönlü imici ilə tanınan QHT-lər də prosedurların ağırlığından gileylənirlər. Xaricdən alınan qrantları qeydiyyatdan keçirməklə bağlı çətinliklər yaşadıqlarını deyirlər. Görəsən, MG Consultung MMC bu müşkülləri necə aşa bilir? Hətta ümumi prinsiplərə zidd olan mövzular üzrə “böyük həcmli layihələri” necə reallaşdırır?
MG Consultung MMC-nin Avropa İttifaqı ilə birgə icra etdiyi layihələr, müştərək keçirdikləri tədbirlər barədə suallar çoxdur. Bu məqalədə təsvir etdiklərimiz onların bir qismidir. Bu sualları araşdırıb doğru cavab tapmaqla, qapalı qalan çox mətləblərə aydınlıq gətirmək mümkündür.