Aİ liderləri Ukrayna ilə həmrəylik üzrə Etimad Fondu yaratmağa razılaşıblar

Avropa İttifaqının dövlət və hökumət başçıları ölkənin yenidən
qurulmasını maliyyələşdirmək üçün Ukrayna ilə həmrəylik üzrə Etimad
Fondunun yaradılması barədə razılığa gəliblər.

AzerTimes-ın məlumatına görə, bu barədə Aİ ölkələrinin liderlərinin
Brüsseldə keçirilən görüşünün yekunları üzrə yayılan bəyanatda
deyilir.

“Dağıntılar və böyük itkilər qarşısında Aİ Ukrayna hökumətinə
onun təcili ehtiyaclarını ödəmək və demokratik Ukraynanı yenidən
qurmaq üçün dəstək verməyə sadiqdir. Bu məqsədlə Avropa İttifaqı
Şurası Ukrayna ilə həmrəylik üzrə Etimad Fondu yaratmağa razıdır və
beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir, həmçinin gecikmədən
hazırlıqlara başlamağa çağırır”, – deyə bəyanatda bildirilir.

Sammit iştirakçıları həmçinin Kiyevə Liviya və Suriyaya yardım
göstərmək üçün keçirilən müntəzəm konfranslar kimi beynəlxalq donor
konfransı keçirməyi də vəd ediblər.

Sənəddə qeyd edilir ki, Avropa İttifaqı Ukraynaya siyasi,
maliyyə, maddi və humanitar dəstək verməyə davam edəcək.

Avropa İttifaqı ölkələrinin liderləri həmçinin Rusiya və
Belarusa qarşı yeni sərt sanksiyalar tətbiq etməyə hazır
olduqlarını bildiriblər.

Bundan əlavə, Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya
qaz və elektrik enerjisinin fasiləsiz tədarükünü təmin etməyə hazır
olduqlarını bildiriblər.