Aİ Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş tədbirlərə dəstəyini gücləndirməyə hazırdır – Toivo Klaar (Müsahibə)

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhün qurulmasına yönəlmiş
tədbirlərə dəstəyini gücləndirməyə hazırdır.

Bunu Trend
müsahibəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaar deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin
mayın 22-də Brüsseldə keçirilən görüşü 2021-ci ilin dekabrından
bəri sayca üçüncü görüşdür.

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşün
yekunları ilə bağlı qeyd etdiyi kimi, bu görüş gündəmdəki bütün
məsələlərlə bağlı səmimi və məhsuldar fikir mübadiləsi üçün imkan
verib. Aİ Azərbaycan və Ermənistanın bu formata qətiyyətli
sadiqliyini alqışlayır. Liderlərin bu yay növbəti üçtərəfli
görüşünə qədər qarşıdakı həftələrdə görüləcək çox işlər var”, –
T.Klaar bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, mayın 22-də bir sıra konkret
nəticələr əldə edilib, xüsusən də Azərbaycan və Ermənistan sərhəd
komissiyalarının dövlətlərarası sərhəddə mayın 24-də keçirilmiş ilk
birgə iclasının təşkili ilə bağlı nəticə əldə olunub. Həmçinin,
Qərbi Azərbaycanla Naxçıvan arasında, Ermənistanla Azərbaycan
arasında tranziti tənzimləyən prinsiplərlə əlaqədar da razılıqlar
əldə olunub. Tranzit prinsiplərinə gəldikdə, liderlər beynəlxalq
daşımalar kontekstində sərhədin idarə olunması, təhlükəsizlik,
torpaq yığımları, eləcə də gömrük qaydaları prinsipləri barədə
razılığa gəliblər.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında gələcək sülh
sazişi ilə bağlı, liderlər öz komandalarına müzakirələri davam
etdirməyi və yaxın həftələrdə irəliləyişi təmin etməyi
tapşırıblar.

“Əldə olunan irəliləyişi nəzərdən keçirərkən, mən qəti şəkildə
inanıram ki, liderlər Cənubi Qafqazda dayanıqlı sülhə dair
yanaşmanı bölüşürlər. Brüsseldəki görüşlər tərəflərin yaxınlaşması
üçün lazımi şəraitin yaradılmasına kömək edən mühüm elementdir”, –
T.Klaar deyib.

Onun sözlərinə görə, görüşlərin özləri ilə paralel olaraq,
tərəflərin əhalini uzunmüddətli dayanıqlı sülhə hazırlamaq üçün
lazımi addımlar atması vacibdir.

“Aİ Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də
parlamentdəki çıxışını, eləcə də Azərbaycan Prezidenti İlham
Əliyevin düşmənçilik səhifəsini çevirmək və münaqişədən zərər
çəkmiş əhali üçün təhlükəsiz gələcək təmin etmək zərurəti ilə bağlı
bəyanatını alqışlayıb. Daha çox işlər görülə bilər və görülməlidir,
amma mən hesab edirəm ki, biz düzgün yoldayıq və bu sahədə də daha
konkret razılaşmalar görəcəyik”, – deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Aİ regionda uzunmüddətli
dayanıqlı sülhün qurulmasına yönəlmiş bütün səyləri alqışlayır.

“Brüssel formatı ilə yanaşı, hər iki tərəf üçün məqbul olan
hərtərəfli həllin tapılmasına kömək edən digər tərəflər, digər
oyunçular da var. Biz hamımız Rusiyanın vasitəçiliyi ilə 2020-ci
ilin noyabrında ələd olunan atəşin dayandırılması barədə bəyanatda
göstərilən şərtlərdən yola çıxırıq. Mən əvvəllər də demişəm ki,
Moskvada və Soçidə əldə olunmuş yüksək səviyyəli razılaşmalar
bizimlə eyni istiqamətdədir. Bizim səylərimiz bir-birini istisna
etmir”, – T.Klaar deyib.

T.Klaar qeyd edib ki, istənilən sülh prosesi çox vaxt
spekulyasiyalarla müşayiət olunur və bu normal haldır.

“Ancaq təəssüf ki, biz gərginliyi azaltmağa kömək etməyən bəzi
bəyanatları da eşidirik. 1990-cı illərin müharibəsi və 2020-ci il
müharibəsi də daxil olmaqla 30 illik münaqişənin xatirələri hər iki
cəmiyyətdə hələ də yaşayır. Yaraları sağaltmaq və müxtəlif
cəmiyyətlər arasında etimadı bərpa etmək lazımdır ki, bunu
birtərəfli etmək mümkün olmayacaq. Region əhalisi sülh prosesinin
gələcək inkişafına əmin olmalıdır, buna isə vaxt tələb olanacaq”, –
deyə xüsusi nümayəndə bildirib.

Onun sözlərinə görə, əhalinin uzunmüddətli dayanıqlı sülhə
hazırlanmas və bütün məcburi köçkünlərin qayıtması üçün şəraitin
təmin edilməsi də vacibdir.

“Bu kontekstdə biz, həmçinin yaxın gələcəkdə humanitar məsələlər
və konkret humanitar təşəbbüslər, o cümlədən minaların
təmizlənməsi, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi üzrə
daha sıx əməkdaşlığa ümid edirik. Aİ bu problemlərin həllinə
yönəlmiş səylərə dəstəyi gücləndirməyə hazırdır”, – T.Klaar
vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: