Aİ Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasını dəstəkləməyə hazırdır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında deeskalasiyanı və sərhədlərin delimitasiyasını dəstəkləməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Peter Stanonun bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Bu həftə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.

Aİ bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər hələ də həll edilməlidir. Biz xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq.

Aİ dinc və firavan Cənubi Qafqazın qurulmasına sadiq qalır, sülh quruculuğu və münaqişədən sonrakı yenidənqurma işlərində fəal iştirak edir. Aİ Cənubi Qafqazda qarşılıqlı fəaliyyəti və iqtisadi əməkdaşlığın bərpasını təşviq edir”.

Teqlər: