Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin
müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda,
dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir,
maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli
həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da
bu nəcib missiyada yaxından iştirak edir.
Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid
ailələri ilə görüşüb.
Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif
Abbasov, Tural Əsgərli, Röya Ələkbərov və Adil İbrahimlinin
ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları
təbrik edib, xoş arzularını çatdırıb.
AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki,
qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını
belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları
ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim
yaşadacaq.
Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.
Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı
olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev
başda olmaqla hər kəsə təşəkkür ediblər.