AHİK sədri Səttar Möhbalıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun sədri Səttar
Möhbalıyev
Polşa Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Rafal Poborskini qəbul
edib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq
münasibətlərindən, ali səviyyədə həyata keçirilən qarşılıqlı
səfərlərdən, qanunverici orqanlar arasında olan münasibətlərin
səviyyəsindən, dostluq qruplarının uğurlu fəaliyyətindən,
qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətindən danışılıb.

AHİK sədri bildirib ki, Polşa ilə Azərbaycan arasında
münasibətlərin dərin tarixi kökləri var: “Müstəqil
respublikalarımız arasında diplomatik əlaqələrin qurulmasından 30
il ötür. Lakin əlaqələrimizin kökü XV əsrə qədər gedib çıxır. Belə
ki, 1472-ci ildə Ağqoyunlular tərəfindən Polşaya diplomatik missiya
göndərilmişdir. Bunu nəzərə alsaq, bu il həm də Azərbaycan- Polşa
diplomatik əlaqələrinin 550 ili tamam olur. Buna görə də 21 fevral
tarixini münasibətlərimizin bərpası günü kimi də xarakterizə etmək
olar”.

S.Möhbalıyev qeyd edib ki, dövlətlərimiz arasında bütün
sahələrdə ikitərəfli və çoxtərəfli iqtisadi, siyasi və mədəni
əlaqələrin, qarşılıqlı faydalı və strateji münasibətlərin
inkişafında Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər
Əliyevin böyük xidmətləri olmuşdur: “1997-ci ildə Ulu Öndərin Polşa
Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə ilk dəfə bu ölkəyə
rəsmi səfəri zamanı imzalanan dostluq və əməkdaşlıq haqqında bir
sıra sənədlər ikitərəfli münasibətləri tənzimləyən hüquqi-narmativ
bazanı genişləndirməklə qarşılıqlı əlaqələrin daha intensiv
inkişafına yeni perspektivlər açmış oldu. Münasibətlərimizin
sonrakı inkişafı bu səfərin strateji əhəmiyyətini bir daha
təsdiqləyir”.

AHİK sədri bildirib ki, 2003-cü ilin oktyabrında cənab İlham
Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra da Azərbaycan-Polşa
münasibətləri prioritet istiqamət təşkil etmiş, dövlət başçıları
səviyyəsində qarşılıqlı səfərlər təşkil olunmuş, əlaqələrin
inkişafına təkan verən mühüm sənədlər imzalanmışdır.

S.Möhbalıyev diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan
müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30
ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında olan Şərqi
Zəngəzuru və Qarabağı cəmi 44 günə azad etdi: “Bu, tarixi ədalətin
zəfəri, beynəlxalq hüququn bərpası idi. Hələ münaqişə dövründə
Polşa problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması
mövqeyindən çıxış etməklə böyük bir ədalət nümayiş etdirirdi. Təbii
ki, bu da ölkələrimiz arasında münasibətlərin inkişafına yeni bir
stimul vermiş oldu”.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan-Polşa
əlaqələri parlamentlər səviyyəsində də inkişaf etməkdədir:
“Parlament sədrlərinin qarşılıqlı şəkildə təşkil olunmuş rəsmi və
işgüzar xarakterli səfərləri ikitərəfli münasibətlərə öz müsbət
təsirini göstərib. Parlamentlərarası əlaqələr üzrə işçi qrupu
səviyyəsində də dostluq və qardaşlığımızın davamlı olması üçün
aktiv iş aparılır”.

Konfederasiya sədri deyib ki, ölkələrimiz arasında ümumilikdə 51
sənəd imzalanıb: “2017-ci ildə hər iki ölkənin prezidentləri
tərəfindən imzalanan strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa
dair Birgə Bəyannamə ölkələrimiz arasında siyasi əməkdaşlığın və
strateji tərəfdaşlığın inkişafını təmin etməkdədir. İqtisadi
əlaqələrə gəldikdə Azərbaycanda 27 Polşa şirkəti sənaye, tikinti,
ticarət, xidmət və sair sahələrdə fəaliyyət göstərir”.

S.Möhbalıyev Azərbaycan və Polşa həmkarlar ittifaqları arasında
olan münasibətlərdən də söz açıb. Bildirib ki, əlaqələrimiz yüksək
səviyyədə davam etməkdədir.

Görüşə görə təşəkkür edən səfir Rafal Poborski bildirib ki,
ölkələrimiz arasında möhkəm təməllər üzərində bərqərar olan
münasibətlərimiz strateji xarakter daşıyır və hər iki xalqın
mənafeyini əks etdirir. Onun sözlərinə görə, Polşa Azərbaycanla
bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin
bundan sonra da dərinləşdirilməsində maraqlıdır. Azərbaycanın
işğaldan azad olunmuş Şərqi Zəngəzura və Qarabağa səfərini
xatırladan səfir bildirib ki, oradakı dağıntıları öz gözləri ilə
görüb. Parlamentlər səviyyəsindəki əlaqələrə toxunan səfir bunun
münasibətlərimizin daha da inkişafına xüsusi töhfə olduğunu qeyd
edib. R.Poborski iki dövlət arasında münasibətlərin bundan sonra da
yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında da müzakirə aparıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Teqlər: