AHİK sədri Rusiyada onlayn keçirilən beynəlxalq konfransda iştirak edib (FOTO)

Rusiyanın SanktPeterburq şəhərində onlayn formatda “Rusiyada və dünyada sosial-əmək mübahisələri” adlı VI Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.

Konfransda Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun direktoru Olqa Kulaeva, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası baş katibinin müavini Ouen Tüdor, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov və dünyanın bir çox ölkəsinin həmkar ittifaqlarının rəhbər və məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edənələr əmək mübahisələri, onların həlli yolları, bu məqsədlə ölkələrin həmkarlar ittifaqları arasında təcrübə mübadiləsinin aparılması, əlaqələrin genişləndirilməsi, normativ-hüquqi aktların müasir əmək şəraitinə uyğunlaşdırılması və bu mövzuda digər vacib məsələlərdən danışıblar.

Konfransda onlayın qaydada iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) vitse-prezidenti, BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev çıxışında IV sənaye inqilabının başlaması şəraitində qaldırılan məsələnin ölkələrimiz üçün çox aktual olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan rəqabətədavamlı iqtisadiyyatına görə dünyanın 25 ölkəsi sırasındadır, əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir, əməkhaqları və pensiyalar hər il artırılır. AHİK sədri ölkədə sosial və əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar ittifaqlarının xüsusi yer tutduğunu vurğulayıb.

Bildirib ki, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqı təşkilatları və onların üzvləri həm işçilər, həm də işəgötürənlər arasında müxtəlif səbəblərdən yaranan həm fərdi, həm də kollektiv əmək mübahisələrini həll edir, həmçinin bu məsələnin həlli mövzusu və qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və bu hüquqi standartlar bütün işəgötürənlər və onların birlikləri, müvafiq icra hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları təşkilatları üçün məcburidir.

S.Möhbalıyev həmçinin qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin işçiləri də tətil hüququndan istifadə edirlər və onların bir çoxunun kollektivləri yerli həmkarlar ittifaqı təşkilatlarının qurulmasına, bəzi sosial, əmək və iqtisadi hüquqlarının həyata keçirilməsinə nail olublar.

Həmkarlar ittifaqları işəgötürənlərin və dövlət orqanlarının sosial tərəfdaşına çevrilməlidir deyən AHİK sədri əlavə edib ki, sosial tərəfdaşlıq əmək mübahisələrini tənzimləyən ən effektli mexanizmdir. O, bu çərçivədə aparılan əmək münasibətlərinin monitorinq və risk problemlərini vaxtında müəyyən etməyə və onları qanun çərçivəsində, balanslaşdırılmış şəkildə, vaxtında həll etməyə imkan verdiyini vurğulayıb. S.Möhbalıyev həmçinin əmək mübahisələrinin tənzimlənməsi sahəsində Azərbaycan həmkarlar ittifaqlarının tətbiq etdiyi yeniliklər və qaydalar haqqında məlumat verib.

Teqlər: