AHİK sədri qazi ailəsini ziyarət edib (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
və sədrin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİHİ RK) sədri
Hikmət Osmanov Birinci Qarabağ müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Fikrət İsayevi
ziyarət ediblər.
Görüş zamanı S.Möhbalıyev bildirib ki, müharibə iştirakçılarının
sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir
ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Onun sözlərinə görə,
Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman
yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram
göstərir, xatirəsini uca tutur. Qeyd edib ki, həm Birinci, həm də
İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə
mənzillər, avtomobillər verilir, onlar üçün davamlı olaraq hər cür
şərait yaradılır.
AHİK sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsində yenilməz
Azərbaycan Ordusunun qəhrəmanlığı, müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki
siyasətini iflasa uğratdı, Azərbaycan Qələbə qazandı və tarixi
ədalət bərpa olundu.

AHİK sədrinin müavini, DİİXİHİ RK sədri Hikmət Osmanov
torpaqlarımızın müdafiəsində iştirak etmiş oğul və qızlarımızın
fədakarlığından, Azərbaycan hərbçilərinin göstərdiyi
qəhrəmanlıqlardan danışaraq bildirilib ki, 44 günlük Vətən
müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl
hərflərlə yazılıb.

Sonra Fikrət İsayevin dövlətimiz tərəfindən verilmiş mənzilinə
zəruri avadanlıqlar, o cümlədən qonaq otağı üçün mebel dəsti,
kondisioner hədiyyə olunub.

Göstərilən diqqət və qayğıya görə, AHİK sədrinə təşəkkür edən
F.İsayev hər zaman onlara dəstək göstərildiyini bildirib. Qeyd edib
ki, cəmiyyətimizdə həm şəhid ailələrinə, həm də qazilərə və
müharibə iştirakçılarına ən ali səviyyədə münasibət formalaşıb.
Bunun üçün o, Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Fikrət İsayev Birinci Qarabağ müharibəsi zamanı
Ağdam və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında
yüksək peşəkarlıqla iştirak edib, düşmənin canlı qüvvəsinin və
döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib,
vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirib. O, döyüşlərin
birində hər iki gözündən xəsarət alaraq görmə qabiliyyətini itirib,
I qrup əlildir. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlara görə,
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Teqlər: