AHİK isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı məlumat yayıb

Son vaxtlar ölkə ərazisində davam edən anomal isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bu məsələ ilə bağlı AHİK-dən AzerTimes-a bildirilib ki, Əmək Məcəlləsinə və ona 2 saylı “Əlavə”yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur. Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir.

İşlərin dayandırılması, işçilərə fasilələr verilməsi, fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə müəyyən edilir.

Məcəllənin 222-ci maddəsinə əsasən, ilin isti vaxtlarında açıq havada işləyənlərin fasilələr zamanı istirahət etmələri üçün işəgötürən tərəfindən otaqlar hazırlanmalıdır.


Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulub ki, isti hava şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu cür hallarda əgər işçi tutduğu vəzifədən aşağı maaşlı işə keçirilərsə, bu zaman onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılmalıdır.

Əmək müqaviləsi bağlanan zaman müqavilədə mütləq işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləməsinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Məhz ona görə də Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasın”da əmək şəraitinin şərtlərinə xüsusi paraqraf ayrılıb. Həmin paraqrafın 4.9 bəndində qeyd edilir ki, işçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər.

Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması 15 prinsip əsasında həyata keçirilir. Bunlardan biri “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” prinsipidir.

Öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu prinsipi əsas götürərək işçilərin həyat və sağlamlığı üçün təhlükə törədə bilən işlərin dayandırılması, fasilələrin sayının və müddətinin müəyyən edilib verilməsinə nail olmaq üçün tədbirlər görülməsi və buna mane olan işəgötürənlər barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi üçün sahə həmkarlar ittifaqı respublika komitələrinə hər il xüsusi tapşırıq verilir. Ölkəmizdə havanın isti keçəcəyi ilə bağlı Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsaslanaraq bu ildə üzv təşkilatlara havanın hərarəti 41dərəcəni keçərsə, xidmət sahələrində olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəarət edilməsi, günvurma və istivurma hallarının qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi tövsiyə edilib. İşçiləri və işəgötürənləri maarifləndirmək məqsədilə həm də AHİK-in mətbu orqanı olan “Ülfət” qəzeti vasitəsilə bu barədə vətəndaş sorğuları cavablandırılır”.

Teqlər: