AHİK: İrandakı bu qanlı terror çirkin təbliğatın davamıdır

AHİK: İrandakı bu qanlı terror çirkin təbliğatın davamıdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumla bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bəyanatda qeyd olunub:

“Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə edilmiş silahlı hücumu kəskin şəkildə pisləyir və Azərbaycan həmkarlar ittifaqları adından törədilən terror hadisəsinə etirazımızı bildiririk.

Bəyan edirik ki, bu terror hadisəsi ümumilikdə Azərbaycan dövlətinə və onun xalqına, dünya azərbaycanlılarına, o cümlədən güneyli soydaşlarımıza qarşı yönəlmiş hücumdur və beynəlxalq cinayətdir.

Baş vermiş hadisəyə görə, məsuliyyət birbaşa İranın üzərinə düşür. Belə ki, səfirliyin mühafizəsini və əməkdaşların təhlükəsizliyini beynəlxalq konvensiyalarla İran tərəfi təşkil etməlidir. Amma bu terror aktından aydın olur ki, İran beynəlxalq hüquqa məhəl qoymayaraq üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməyib.

Məlumdur ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün qonşuları ilə, o cümlədən İranla mehriban qonşuluq prinsiplərinə üstünlük verib. İran isə Azərbaycana qarşı münasibətdə heç vaxt səmimi olmayıb. Bu hal Azərbaycanın Ermənistan üzərində parlaq Qələbə çalaraq işğal altındakı torpaqlarını azad etdikdən sonra daha da kəskinləşib. Bu ölkədə anti-Azərbaycan təbliğatına geniş yer verilib, demək olar ki, düşmən obrazı yaradılıb. Hətta İranın bir sıra qurumları və dini dairələri, həmçinin mediası tərəfindən dövlətimizə qarşı təhdid dolu bəyanatlar səsləndirilib. Bunun qarşısının alınması ilə bağlı rəsmi Tehrana ünvanlanmış bütün müraciətlər isə cavabsız qalıb. Bir daha aydın olur ki, törədilən qanlı terror hadisəsi aparılan çirkin təbliğatın davamıdır.

Azərbaycan həmkarlar ittifaqları adından İrandan tələb edirik ki, baş verən qanlı hadisənin məsuliyyətini dərindən dərk etsin və məsələyə ciddi yanaşsın. Terror hadisəsinin dəqiq araşdırılması, sifarişçilərinin, təşkilatçılarının və icraçılarının müəyyən edilməsi və ən sərt qaydada cəzalandırılması istiqamətində tədbirlər görsün. Həmçinin gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi addımlar atsın”.

Teqlər: