AHİK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib (FOTO)

Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında
(AHİK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
ilə bağlı onlayn tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe
təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı
törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş
oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev
çıxış edərək erməni millətçiləri tərəfindən
azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı
siyasətindən danışıb.

Bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra
məqsədli şəkildə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına
köçürülməyə başladığı vaxtdan onlar soyqırımılarına əl atmışlar:
“İrəvan, Naxçıvan və Qarabağada məskunlaşdırılan ermənilər
havadarlarının köməyi ilə “Erməni vilayəti” yaratdılar. Bu süni
ərazi bölgüsü ilə bilavasitə azərbaycanlıların öz torpaqlarından
çıxarılması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Ardınca
“böyük Ermənistan” xülyası ortaya atıldı. Bu qondarma ideyadan
ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara
qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin
Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış
məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə
yetirildi”.

AHİK sədri vurğulayıb ki, 1918-ci ilin mart-aprel aylarında
daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı
xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və
miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər
tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində,
eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on
minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv
edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri,
məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı
quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra
Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər
bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul
aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda
erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər.
Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox
kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş,
dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan
tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin
qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər
bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər
Yəhudi bacı və qardaşlarımız erməni quldurları
tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.

Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80
il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara
qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı
çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas
yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların
tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının
dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur
əməllərinə siyasi qiymət verilmişdir.

Onun sözlərinə görə, Quba şəhərindəki kütləvi məzarlıqda
soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla
öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin,
tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların
zorakılığa məruz qaldığı aşkar edilib: “Dövlətimizin başçısı cənab
İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni
millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli
yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin
əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial
kompleksi” yaradılıb. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il
yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın
bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları,
xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd
olunub”.

Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi
qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də
şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab
gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri
hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə,
Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu
və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki
şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən
çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan
çəkmişdir”.

“Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkirli
əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı
tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı,
işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını
məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində
yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30
illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu
çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq
təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş
prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və
təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli
cavab verildi”, – deputat qeyd edib.

AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və
təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək:
“Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz
torpaqlarına qayıdacaq və orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu
istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə
abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr
yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva yeni tikilən obyektlərin
açılışlarını ediblər. Görülən işlər bir daha onu göstərir ki, Şərqi
Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən
biri olacaq”.

Sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının tarix üzrə fəlsəfə doktoru Vahid
İsmayılov
ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin
tarixi və məqsədini, bu siyasətin acı nəticələrini, ermənilərin
məkrli əməllərini, 1918-ci il mart soyqırımının törədilməsinin əsl
səbəblərini xronoloji ardıcıllılqa ətraflı izah edib.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının
sədri Habil Qurbanov və “Baku Stil Kompani” MMC
İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Asif
Abbasov
ermənilərin xalqımıza qarşı torətdiyi soyqırımılar
haqqında fikirlərini bölüşüblər.

Tədbirin yekununda S.Möhbalıyev şəhid ailələrinə və qazilərə,
müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı
göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb.

AHİK sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə regionun
lider dövlətinə çevrilib və bu nailiyyətlərin kökündə xalqımızın
sarsılmaz birliyi dayanır.

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Prezident İlham
Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük
qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu
sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə
yetirəcək.

Teqlər: