Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri
aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə
iştirakçılarına, aztəminatlı aillərərə diqqət göstərmək, onlara
maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham
Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu
məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş
rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür.
Dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai
təşkilatları da bu tipli humanist layihələrə dəstək verir, həmin
kateqoriyadan olan insanlara qayğı göstərilir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun bütün fəaliyyəti bir
nümunədir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər
zaman, o cümlədən bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə
sovqatlar, hədiyyələr göndərilir, sosial yardıma ehtiyacı olan
minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur.
Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial
layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün
çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə
xeyirxah addımlar atırlar.
Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin
29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il
martın 17-də yenə həmin sayda – 76 şəhər və rayonda yaşayan 3 900,
ötən il mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4 000 və Naxçıvan
Muxtar Respublikasında yaşayan 1 000 şəhid və qazi ailələrinə,
pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar
paylanılmışdır.
Bu nəcib ənənənin davamı olaraq AHİK İcraiyyə Komitəsinin 4 Mart
2022-ci il tarixli qərarına əsasən, martın 16-da Novruz bayramı
münasibətilə respublikanın 76 rayonunda yaşayan 4 065 aztəminatlı
ailəyə ərzaq dolu maşın karvanı yola salınıb. Bundan başqa,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu
məqsəd üçün 50 000 manat məbləğində vəsait köçürülüb.
Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları
şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, bundan başqa,
aztəminatlı ailələri hər zaman diqqətində saxlayır, imkanları
daxilində heç bir köməyi onlardan əsirgəmir: “Biz istər Pandemiya,
istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali
qruplarına müxtəlif yardımlar etmişik. Bu işdə sahə həmkarlar
ittifaqları da aktivdir. Bütün əlamətdar günlərdə onlara lazımi
köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların
övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki,
imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq.
Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə
tədbirlərimiz mütəmadi xarakter daşıyır”.
S.Möhbalıyev qeyd edib ki, şəhid övladları da həmkarlar
ittifaqları tərəfindən himayəyə götürülür: “Biz indiyə kimi 172
şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına
pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli
himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür
dəstəyi göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə
yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla da təmin edir.
Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə,
sanatoriyalara yollayışlar veririk”.
AHİK sədri vurğulayıb ki, “YAŞAT” Fonduna da yardımlar edirik:
“AHİK-in İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasında
qərara alındı ki, daha 50 min manat “YAŞAT” Fondunun hesabına
köçürülsün və bunula da ümumilkdə 658 870 manat Fondun hesabına
köçürmüşük. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin
bərpasına da yardımlar edirik. İcraiyyə Komitəsinin son iclasında
Qarabağ Dirçəliş Fonduna da daha 50 min manatın köçürülməsi ilə
bağlı qərar qəbul olundu. Bununla da Fonda ümumilikdə köçürülən
məbləğ 650 000 manat təşkil edir. Bu gün dövlətimizin əsas
işlərindən biri də məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır.
Bilirsiniz ki, hazırda Şərqi Zəngəzurda və Qarabağda sürətli
şəkildə abadlıq-quruculuq işləri aparılır. Artıq bəzi layihələr
yekunlaşıb. İnanırıq ki, yaxın zamanlarda həmin ərazilər cənnəti
xatırladacaq və sakinlər, dövlətimizin başçısı cənab İlham Əliyevin
sözləri ilə desək, o ərazilərdə əbədi xoşbəxt yaşayacaqlar”.
Milli Məclisin deputatı əlavə edib ki, bu tipli humanist
layihələrimizi bundan sonra da davam etdirəcəyik.