AHİK 20 Yanvar şəhidlərinin ailələrinə maliyyə dəstəyi göstərib

Azərbaycanda mübariz oğul və qızlarımızın şücaəti hər zaman yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur.

İstər Birinci Qarabağ müharibəsində, istər 44 günlük Vətən müharibəsində, həmçinin ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin ailələri və qazilər hərtərəfli dövlət dəstəyi ilə əhatə olunurlar, bu istiqamətdə həmişə ölkəmizdə milli həmrəylik yaşanır.

Azərbaycan həmkarlar ittifaqları da şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.


Bu ənənənin davamı olaraq bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ölkəmizin müstəqilliyi uğrunda 1990-cı ilin 20 yanvarında şəhid olmuş qəhrəmanlarımızın ailələrinə maliyyə dəstəyi göstərmək üçün müvafiq qərar qəbul edib. Belə ki, 99 şəhid ailəsinin hər biri üçün 200 manat (ümumilikdə 19800) məbləğində maliyyə yardımı göstərilib.

Eyni zamanda AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Teqlər: