Xəbər - Samir Əli – Trend:
Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılır. Bu məqsədlə ölkənin bütün rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Belə şöbələrdən biri də Ağsu rayon İcra Hakimiyyətində təsis edilib.
Vətən müharibəsi iştirakçısı, 2020-ci il oktyabrın 5-də könüllü olaraq Vətən Müharibəsinə yollanan, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın işğaldan azad olunması” və Qubadlının işğaldan azad olunması” medalları ilə təltif olunan, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrud, Xocavənd, Daşaltı uğrunda gedən döyüşlərdə iştirak etmiş qazi Məmmədov Bəxtiyar Mahir oğlu həmin şöbəyə rəis təyin edilib.
B.Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, bu il fevralın 15-dən adıçəkilən şöbəyə rəhbərlik edir: “Şöbənin digər əməkdaşı da Vətən müharibəsi iştirakçısıdır. Dövlət başçısının göstərişlərinə əsasən, rayon üzrə Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə iştirakçılarının problemi mütəmadi şəkildə diqqətdə saxlanılır. Bizim şöbəmiz həmin gündən fasiləsiz fəaliyyət göstərir, gündəlik şəhid ailələri və müharibə iştirakçıları qəbul olunur, onların müraciətlərinə dərhal reaksiya verilir. Bununla yanaşı, hər gün şəhid ailələri və müharibə iştirakçılarının ailələrinə baş çəkilir. Artıq indiyə qədər 20 şəhid və qazi ailəsinə baş çəkilib. Başçəkmələr zamanı onların sosial problemləri araşdırılır, ailə üzvləri fərdi halda dinlənilir, ehtiyacları müəyyən edilir. Başçəkmələr zamanı həmin ailələrin problemlərinin həlli rayon icra hakimiyyətinin səlahiyyəti çərçivəsindədirsə, problem dərhal yerində həll edilir, səlahiyyətimiz çərçivəsində olmayan problemlər isə aradan qaldırılmaq üçün aidiyyəti qurumlara yönəldilir. Həftənin istənilən günü fasiləsiz olaraq bu kateqoriyadan olan vətəndaşlar pandemiya qaydalarına uyğun olaraq qəbul edilir, problemləri ilə maraqlanırıq. Müraciətlərə uyğun olaraq həmin ailələrə maddi yardımlar edilir, onlara məişət avadanlıqları verilir, işsiz vətəndaşların işlə təminatına yardım göstərilir. Onlar məşğulluq proqramlarına cəlb edilirlər. Bununla yanaşı, biz, həmçinin “YAŞAT” Fondu ilə əlaqəli işləyirik. Həmin ailələrin problemlərinin həll edilməsi üçün Fondla əməkdaşlıq edirik. Bu vaxta qədər ailələrin müraciəti əsasında 2 ailə məişət avadanlığı ilə təmin edilib, 5 ailənin kredit borcu bağlanılıb, 6 ailəyə maddi yardım edilib”.
Şöbə müdiri bildirib ki, rayon üzrə 563 nəfər Vətən müharibəsində iştirak edib: “Onlardan 29 nəfəri qəhrəmancasına şəhid olub, 80 nəfərə yaxın şəxs xəsarətlər alıb. Artıq 2 nəfərin əlillik dərəcəsi müəyyən edilib. Şöbə tərəfindən Vətən müharibəsində yaralananların sənədlərinin hazırlanması, əlillik dərəcəsinin təyin edilməsi üçün lazımi yardımlar göstərilir. Hazırda bu kateqoriyalardan olan ailələrin müraciətləri qəbul edilir və araşdırılır. Şöbəmiz tərəfindən şəhid və qazi ailələrinin problemləri daim diqqətdə saxlanılır”.