Ağstafada iki avtomobil toqquşub, bir ailənin 3 üzvü olmaqla 4 nəfər xəsarət alıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin 3 üzvü – sürücü, 1965-ci il təvəllüdlü Mehman Xudu oğlu Musayev, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Könül Bəhram qızı Musayeva və sürücünün bacısı, 1970-ci il təvəllüdlü Həyat Xudu qızı Musayeva xəsarət alıb.
Digər avtomobildə xəsarət alan isə 1996-cı il təvəllüdlü Anar Şahin oğlu Əsgərov olub.
Xəsarət alanlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan H.Musayeva daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Görüntülərdə avtomobillərin toqquşmasından sonra nəqliyyat vasitələrindən birinin yandığı, əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadasının cəlb olunduğu və yanğının söndürüldüyü əks olunub.
Faktla bağlı araşdırma aparılır.