9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır
Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar
arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış
gününə start verilib.
Trend xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və
Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi
yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini
sınayır.
Kişilər arasında bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73
kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162)
çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb.
Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam
285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər,
rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi,
idmançıların ustalıq səviyyəsinin artırılması və
təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə
normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və
qadınlardan ibarət milli yığma komandaların tərkibinin
müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara
hazırlanmasıdır.