Ağır itki: Kərəm Məmmədli vəfat etdi

Ağır itki: Kərəm Məmmədli vəfat etdi

Azərbaycanın tanınmış tarixçi alimlərindən olan Kərəm Məmmədli vəfat edib.

Bu barədə AzerTimes-a açıqlamasında jurnalist Razi Abasbəyli bildirib.

O deyib ki, gecə saatlarında alimin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi ehtimal olunur.

Qeyd edək ki, Kərəm Məmmədli Gürcüstanın Gəyliyən kəndində, 1965-ci il 22 fevralda anadan olub. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub.

1983–1985-ci illərdə Əfqanıstanda hərbi xidmət keçib, əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş laborant kimi işə başlayıb, eyni zamanda əyani aspiranturada təhsil alıb. 1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışırdı, Azərbaycan və rus bölmələrində “Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi”, “Antropometriya” fənlərini tədris edirdi.

“Antropologiyanın əsasları” və “Qafqaz xalqlarının etnoqrafiyası” dərsliklərinin müəllifidir. 1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapmışdır.

1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olub, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında “Altay xalqlarında şamançılıq” mövzusunda elmi məruzə ilə çıxış edib. 2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin “Arxeologiya ve Etnoqrafiya” kafedrasının dosenti vəzifəsinə seçilib.

2009-cu ilin fevralında nümayiş etdirilən “Borçalı” filminin ssenari həmmüəlliflərindən biridir. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilmişdi.

Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilirdi. Evlidir, 3 övladı var.

Teqlər: