AGF-nin vitse-prezidenti Altay Həsənov: Əldə etdiyimiz nailiyyətlər Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsidir

Əldə etdiyimiz nailiyyətlər Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsidir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında “AGF” İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclasında çıxışı zamanı deyib.

Altay Həsənov çıxışı zamanı bildirib:

“Xanımlar və cənablar!

Hörmətli federasiya üzvləri!

Gimnastika ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən bu yığıncaqda hamınızı xoş gördük!

Son beş il gimnastika sahəsində bir çox nailiyyətlər, Bakıda keçirilən tədbirlər, əlamətdar hadisələrlə yadda qaldı. Bu hesabatda qısaca da olsa, onlara birgə nəzər salacağıq.

2016-cı ildən etibarən müxtəlif gimnastika növləri üzrə irimiqyaslı yarışların paytaxtımızda keçirilməsi, sanki gimnastikaya yeni nəfəs gətirdi.

Son beş il ərzində federasiyamız tərəfindən öz müasirliyi ilə seçilən Milli Gimnastika Arenasında Olimpiya növləri olan bədii gimnastika, idman gimnastikası və batut gimnastikası üzrə ümumilikdə 13 Dünya Kuboku təşkil olundu. Onlardan dördü Tokio-2020 Olimpiya Oyunlarının idman gimnastikası və batut gimnastikası üzrə yarışlarına təsnifat xarakteri daşıyırdı. Daha bir Dünya Kuboku 2018-ci ildə qeyri-Olimpiya növü olan akrobatika gimnastikasına aid oldu.

Həmin il Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa Çempionatı da keçirildi. Bu çempionatda gimnastımız Mixail Malkin tamblinq üzrə yarışlarda qızıl medala, qadınlardan ibarət sinxron cütlüyümüz – Svetlana Makştaryova və Veronika Zemlyanaya isə gümüş mükafata layiq görüldülər. 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa ölkələri arasında təsnifat yarışlarını təşkil etdik və burada ölkəmiz gimnastika tarixində bu oyunlara ilk lisenziyasını əldə etdi.

2019-cu ildə izləməyə alışdığımız bədii gimnastika üzrə Avropa Çempionatı ilə yanaşı, ilk dəfə aerobika gimnastikası üzrə qitə Birinciliyinə ev sahibliyi etdik. Aerobikaya aid “aerodans” proqramında idmançılarımız qızıl medala layiq görüldü. 2019-cu ilin gimnastika üzrə Bakıdakı beynəlxalq yarışlarına Tokio-2020 Olimpiya Oyunlarına təsnifatın keçirildiyi bədii gimnastika üzrə Dünya Çempionatı yekun vurdu. Burada gimnast Zöhrə Ağamirova Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazandı. Beləliklə, Zöhrə Olimpiadada ölkəmizi təmsil edəcək Azərbaycanda doğulmuş və idmançı kimi yetişdirilmiş ilk fərdi gimnast olacaq. Bundan əlavə, qrup hərəkətləri komandamız 13 ildən sonra Tokio-2020-yə lisenziya qazanmaqla, yenidən Olimpiya Oyunlarına qayıtdı.

5 illik dövr ərzində ölkəmizdə keçirilən daha iki çoxnövlü idman yarışları çərçivəsində gimnastika növləri üzrə yarışlar keçirildi. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə təmsilçilərimiz ümumilikdə 20 medal qazandı. 2019-cu ildə Bakıdakı Avropa Gənclər Yay Olimpiya Festivalında kişi idman gimnastikası üzrə yarışlarda gimnast Səməd Məmmədli dəstəli at proqramında gümüş medal əldə etdi.

Ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda da gimnastlarımız öz çıxışları ilə fərqləndi. Belə ki, Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq, ölkəmiz 2 gimnastla təmsil olundu. Təmsilçilərimizdən biri – Oleq Stepko təsnifat mərhələsində 6 çıxış üzrə toplanan xalların cəminə əsasən, yenə də tariximizdə ilk dəfə olaraq, Rio Olimpiadasının çoxnövçülük finalında 24 ən güclü idmançılarla bərabər iştirak etmək hüququ qazandı. Həmin Oyunlarda bədii gimnast Marina Durunda dünyanın 10 ən güclü idmançıları sırasında çoxnövçülük finalında çıxış etdi.
2019-cu ildə Ştutqart şəhərində keçirilmiş Dünya Çempionatında kişi idman gimnastı İvan Tixonov çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazandı. Elə həmin çempionatda müstəqil Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə olaraq, Marina Nekrasova çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına lisenziya əldə etdi. 2019-cu ildə İtaliyanın Neapol şəhərində baş tutmuş Yay Universiadasında Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə qızıl medala layiq görüldü.

Həmin yarışlar bədii gimnastımız Zöhrə Ağamirova üçün də uğurlu oldu. O, gürzlərlə çıxışda və çoxnövçülük proqramında 2 gümüş medal qazandı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız 2018-ci ilin İspaniyanın Qvadalaxara şəhərində təşkil olunan Avropa Çempionatında 3 top və 2 iplə hərəkətlərin finalında bürünc medal əldə etdi. Elə həmin çempionatın gənclər arasında keçirilən yarışlarında Arzu Cəlilova topla hərəkətlərin finalında bürünc medala layiq görüldü. O, həmçinin 2018-ci ildə Moskvada təşkil olunmuş gənclər arasında ilk Dünya Çempionatında topla çıxışına görə gümüş, iplə çıxışına görə isə bürünc medal qazandı. Həmin il Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında Azərbaycanı bu növ yarışlarda ilk dəfə təmsil edən bədii gimnast Yelizaveta Luzan qarışıq komanda hesabında qızıl medala layiq görüldü. 2020-ci ildə “COVID-19” xəstəliyi ilə əlaqədar bütün dünyada elan olunmuş pandemiyanın yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, bədii gimnastlarımızın Milli Gimnastika Arenasında qapalı şəraitdə keçirdikləri intensiv məşqlər öz bəhrəsini verdi. Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında qrup hərəkətləri komandası çoxnövçülükdə gümüş, 3 halqa və 2 cüt gürzlə isə bürünc medal qazandı. Daha bir bürünc medalı isə qrup hərəkətləri komandası və fərdi proqramda çıxış etmiş gənc gimnastlarımız komanda hesabında əldə etdilər. Sevindirici haldır ki, dörd gənc gimnastımızdan üçü paytaxtımızın deyil, ölkəmizin digər şəhərlərinin yetirməsidir.

Batut gimnastikasında nailiyyətlərə gəlincə isə, 2016-cı ilin İspaniyanın Valladolid şəhərində keçirilmiş Avropa Çempionatında ölkəmizin debüt etdiyi ikili mini-batut üzrə yarışlarda təmsilçimiz Dmitriy Fedorovskiy bürünc medal əldə etdi. 2017-ci ildə Polşanın Vroslav şəhərindəki Ümumdünya Oyunlarında sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü ölkənin gimnastika tarixində ilk dəfə olaraq gümüş medal əldə etdi. Artıq bu gimnastika növündə kiçik yaş qruplarına aid batutçularımız da uğurlara imza atırlar. 2019-cu ildə Yaponiyanın Tokio şəhərində təşkil olunmuş batut gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş kateqoriyasında fərdi proqramda çıxış edən Maqsud Mahsudov Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qızıl medala layiq görüldü. Sinxron proqramda da komanda yoldaşı Hüseyn Abbasovla birgə yarışan Maqsud Mahsudov gümüş medal əldə etdi. Elə həmin yaş kateqoriyasında tamblinq üzrə yarışlarda ölkəmizi təmsil edən Aleksey Karataşov qızıl medal qazandı.

2019-cu ildə Minskdə keçirilmiş Avropa Oyunlarında akrobatika gimnastikası üzrə qarışıq cütlük tərkibində çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi temp və qarışıq hərəkətlərdə gümüş, balans hərəkətlərində isə bürünc medal qazandı. Elə həmin il İsrailin Holon şəhərində təşkil olunmuş akrobatika gimnastikası üzrə Avropa Çempionatında eyni tərkibli qarışıq cütlük balans və temp hərəkətlərində 2 bürünc medala layiq görüldü. Sözügedən idmançılarımız böyük gimnastların proqramı ilə çıxış etməmişdən əvvəl gənclər arasında yarışlarda da uğurlara imza atmışlar. Onlardan əlavə, 2016-cı ildə Çinin Putian şəhərində təşkil olunmuş akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qarışıq hərəkətlər üzrə finalında Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü ölkənin gimnastika tarixində ilk dəfə olaraq belə növ turnirdə gümüş medal qazandı. Ağasif Rəhimov və Nurcan Cabbarlı qarışıq cütlüyü də eyni dəyərli medala layiq görüldü. Həmin cütlük 2017-ci ildə Polşanın Jeşuv şəhərində baş tutan Akrobatika Gimnastikası üzrə Avropa Çempionatında da çöxnövçülük yarışları və balans hərəkətlərinin finalında bürünc medal qazandı. 2019-cu ildə İsrailin Holon şəhərindəki Avropa Çempionatında gənclər yaş qrupunda kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov temp hərəkətləri üzrə final mərhələsində qızıl medala layiq görüldü. Çoxnövçülükdə gimnastlar gümüş, balans hərəkətlərində isə bürünc medal qazandı.

Azərbaycanın “Gimnastika hamı üçün” yığma komandası 2017-ci ildə Norveçin Vestfold regionunda təşkil olunan “World Gym for Life Challenge” tədbirinə ilk dəfə qatılaraq, 47 kiçik qrup arasında qızıl medal qazanan 6 qrupun siyahısına daxil oldu və möhtəşəm Qalada iştirak etmək hüququ əldə etdi. 2010-cu ildə bütün iştirakçıların medal qazandığı Belçikanın Lej şəhərində keçirilmiş 1-ci “European Gym for Life Challenge” yarışında qrupumuz qızıl medal əldə etdi, həmçinin “Best Costume” nominasiyasında diploma layiq görüldü.

Bu illər ərzində AGF tərəfindən daha iki gimnastika növü – Avropa Gimnastikasına aid “TeamGym” və Beynəlxalq Gimnastika Federasiyasına aid Parkur inkişaf etdirilməyə başlandı. Bununla da federasiyanın fəaliyyətinə daxil olan gimnastika növlərinin sayı doqquza çatdı. 2018-ci ildə yığma komandamız “TeamGym” üzrə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Avropa Çempionatına ilk dəfə qatıldı. Təmsilçilərimizin ilk dəfə Fransanın Monpelye şəhərində Parkur üzrə keçirilən Dünya Kubokunda iştirakı isə 2019-cu ilə təsadüf etdi.

Gimnastlarımızın beynəlxalq arenadakı uğurları ilə yanaşı, AGF-nin beynəlxalq gimnastika aləmindəki nailliyyətləri də bizi sevindirdi. AGF 6 il ardıcıl olaraq fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan federasiyaların siyahısına daxil olur və son 3 ildə həmin siyahıya liderlik edir.

2017-ci ildə Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanının tədbiri – FIG Şurasının iclasları keçirildi. Həmin iclas çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olundu.

12 il ərzində AGF-nin Baş katibi olmuş Fərid Qayıbov, 2017-ci ildə Avropa Gimnastikasının seçki xaraklerli Konqresində həmin quruma Prezident seçildi.

2018-ci ildə Bakıda ilk dəfə olaraq, 111 ölkənin iştirakı ilə Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı sayılan Konqresi təşkil olundu.

2019-cu ildə Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olundu. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabenin dəvətinə əsasən hazırda Mariana Vasileva həmin qurum tərəfindən həyata keçirilən “Bədii Gimnastikada İslahatlar” layihəsinə bədii gimnastika üzrə dünyada 10 ən güclü ölkənin yığma komandalarından birinin Baş məşqçisi kimi cəlb olunub. O, digər həmkarları ilə birgə, gimnastikanın bu növü üzrə yeni Qaydalarının işlənib hazırlanmasına öz töhfəsini verərək, təkliflərini irəli sürür.

Kişi idman gimnastikası üzrə ən yüksək 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malik hakim Rza Əliyev 2019-cu ildə “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “Qızıl Diplom”la təltif edildi.

Həmişə olduğu kimi, gimnastika növləri üzrə yerli mütəxəssislərin sayının və ixtisaslarının artırılmasına tərəfimizdən böyük diqqət göstərildi.

2017-ci ildə Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Qitələrarası və Beynəlxalq Hakimlik Kursları uğurla təşkil olundu. Həmin il kişi idman gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları da federasiyamız tərəfindən keçirildi.

Ötən illər ərzində paytaxtımızda Beynəlxalq Gimnastika Federasiyasının mütəxəssisləri tərəfindən bədii gimnastika üzrə 3-cü, batut gimnastikası üzrə 1-ci, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə 1-ci və 2-ci səviyyələrə aid məşqçilik kursları təşkil olundu.

Bütün gördüyümüz işlər, əldə etdiyimiz nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsidir. Daimi dəstəyə görə bütün gimnastika ictimaiyyəti adından Mehriban xanıma təşəkkürümü bildirirəm.

Diqqətinizə görə çox sağ olun!”

Teqlər: