Yanvarın 18-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 12-ci Ümumi Yığıncağı keçirilib.
AGF-dən AzerTimes-a verilən məlumata görə, hesabat xarakteri daşıyan tədbirdə AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın Baş katibinin 2021-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, gimnastlarımızın Tokio-2020 Olimpiya Oyunlarında iştirakı, paytaxtımızda keçirilən beynəlxalq yarışlar və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı dinlənilib.
Daha sonra AGF-nin ötən il üzrə maliyyə hesabatı təqdim edilib.
Hesabatların təsdiqindən sonra, federasiyanın fəaliyyəti ilə əlaqədar yığıncağın gündəliyində duran digər məsələlərə baxılıb.