Xəbər - Samir Əli – Trend:
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sosial
şəbəkə səhifələrində Bakı şəhər sakini Əzizzadə Rəhman Həsən
oğlunun əlillik təyinatı ilə bağlı şikayətinə münasibət
bildirib.
Agentlikdən AzerTimes-a bildirilib ki, R.Əzizzadəyə hələ bu ilin
yanvar ayında 3-cü qrup əlillik təyinatı aparılıb.
“Belə ki, 2022-ci ilin yanvarın 24-də o, Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onda
sağ göz almasının eukulyasiyasından sonrakı vəziyyət və astenik
əlamətlər müəyyən edilib. Digər orqan və ətraflarda əlillik
təyinatına əsas verən patofunksional əlamətlər izlənilməyib.
Həmçinin, Rəhman Əzizzadənin onunla bağlı iddia etdiyi “Beyin
atrofiyası” diaqnozu Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən
təqdim edilən Şəhadətnamədə qeyd edilməyib.
Şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırki vəziyyəti
qanunvericiliyə uyğun olaraq III dərəcə müddətsiz əlillik
təyinatına əsas verir.
Bu əsasda da Rəhman Əzizzadəyə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilib.
Hazırda əlillik təyinatına uyğun olaraq 11.12.2021-ci il
tarxindən 300 manat məbləğində ödəniş həyata keçirilir.
Bununla yanaşı, R.Əzizzadə 8 may 2021-ci il tarixində Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud
qanunvericiliyə uyğun olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni
Yaşayış kompleksindən ikiotaqlı mənzil ilə təmin olunub”, –
məlumatda bildirilir.