Xəbər - Elçin Mehdiyev – Trend:
Sürətlə inkişaf edən Azərbaycanımız bu gün zəfər çalmış ölkədir. Bu, sözsüz ki, Sizin həm Prezident, həm də Ali Baş Komandan kimi gərgin əməyinizin parlaq nəticəsidir.
AzerTimes-ın məlumatına görə, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Prezident İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.
V.Süleymanov bildirib ki, bu gün ölkəmiz əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını uğurla davam etdirərək yeni hədəflərə doğru irəliləyir:
“Qarabağa böyük qayıdış bu hədəflərdən biridir. Bu hədəflərə nail olmaq üçün, Siz qeyd etdiyiniz kimi, mina təhlükələrindən qurtulmaq birinci dərəcəli vəzifələrə aiddir.
Hörmətli cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, agentlik bütün imkanlarını səfərbər edəcək və qarşımıza qoyulmuş vəzifələrə, hədəflərə nail olacaqdır.
Azad edilmiş ərazilərdə minatəmizləmə işləri tapşırığınıza əsasən lazımi səviyyədə, beynəlxalq standartlara uyğun və keyfiyyətlə yerinə yetiriləcəkdir. Mən qürur duyuram ki, belə bir məsuliyyətli işin təşkilində iştirak edəcəyəm və bu etimadınıza görə Sizə minnətdarlığımı bildirirəm”.