Ağdaşda saxta içki istehsal edən müəssisə aşkarlandı

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağdaş rayonunda içki istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Ağdaş rayonu, Xosrov kəndində fəaliyyət göstərən fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində reyd keçirilib.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti heç bir əsas olmadan 150 gün artırılaraq 180 gün qeyd edildiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Teqlər: