Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən
və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət
iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücünü
saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini Ulduz Süleymanov idarə etdiyi
“VAZ-2107” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq
hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona
“saxla” əmri verilib. Sürücünün narkotik vasitə qəbul etməsinə dair
şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də
nəticəsinə əsasən həmin şəxsin marixuana qəbul etdiyi müəyyən
olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri
ilə protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə
göndərilib. Məhkəmənin də qərarı ilə Ulduz Süleymanov sürücülük
hüququndan bir il müddətinə məhrum edilməklə 15 sutka inzibati həbs
olunub.